Elektron su xəritəsi vasitəsilə subasma hadisələri barədə əvvəlcədən məlumat əldə etmək mümkündür
Bakı, 5 oktyabr, AZƏRTAC
“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyi tərəfindən elektron su xəritəsi hazırlanıb”.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin İdarə Heyətinin sədri Nazim İsmayılov deyib.
Onun sözlərinə görə, coğrafi informasiya sistemləri vasitəsilə hazırlanan xəritədə Azərbaycan Respublikasının bütün çayları, su obyektləri, sututarları, göllər, su anbarları, kəhrizləri barədə məlumatlar öz əksini tapıb. İstənilən su obyektinin üzərinə vurduqda onun haqqında bütün məlumatlar əks olunur. Məlumatlar dinamikdir, daim yenilənir. Elektron xəritədə su obyektlərinin real görüntüləri də yer alıb.
Azərbaycanda ilk dəfə elektron su xəritəsindən istifadə olunmağa başlanıldığını diqqətə çatdıran N.İsmayılov bildirib ki, həmin xəritə vasitəsilə həmçinin hansı ərazilərdə subasma hadisələrinin olacağı barədə əvvəlcədən məlumat əldə etmək mümkündür.