“Elimizə bahar gəlir” mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
Naxçıvan, 13 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən məktəbdənkənar tərbiyə müəssisələrinin dərnək üzvləri arasında “Elimizə bahar gəlir” mövzusunda keçirilən rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar.
Muxtar respublikanın Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən rəsm müsabiqəsində məktəbdənkənar tərbiyə müəssisələrinin 20 dərnək üzvü iştirak edib.
Müsabiqədə məktəblilər adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizin əbədiyaşarlıq rəmzi olan baharın gəlişini tərənnüm edən mövzularda rəsmlər çəkiblər. Müsabiqənin şərtlərinə görə rəsmlər kağız, karton, kətan üzərində karandaş, flomaster, diyircəkli və rəngli qələm, tuş, kömür, qrafit, quaş, akvarel, akril, yağlı boya və digər vasitələrdən istifadə etməklə 2 saat müddətində çəkilib.
Şagirdlərin əl işləri münsiflər heyəti tərəfindən qiymətləndirilib. Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin şagirdi Səmra Ələsgərova I, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri Nərmin Ələkbərova və Gülnur Həsənova II , Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin şagirdi Tuba Rahilə və Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri Nuray Rəhimova, Aygün Hacıyeva isə III yerlərə layiq görülüblər.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvü Minayə Fərzəliyeva, Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi İnci Qənbərova və Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri Səadət Əlizadə və Aydan Mürşüdlü isə həvəsləndirici yerlərə layiq görülüblər.
Müsabiqənin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıblar.