Elmi konfrans: Tətbiqi riyaziyyatın müasir problemləri
Bakı, 13 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Tətbiqi riyaziyyatın müasir problemləri” mövzusunda respublika elmi konfransı keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Farid Nağıyev Ulu Öndər Heydər Əliyevin hər zaman elmin, xüsusilə də texniki və fundamental sahələrin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab etdiyini bildirib. O qeyd edib ki, məhz onun uzaqgörən siyasəti nəticəsində Azərbaycanda elmi potensialın gücləndirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması və beynəlxalq elmi əlaqələrin genişlənməsi üçün möhkəm zəmin yaradılıb. Hazırda tətbiqi riyaziyyat süni intellekt, informasiya texnologiyaları, iqtisadi modelləşdirmə, mühəndislik və digər sahələrdə qarşıya çıxan mürəkkəb problemlərin həllində mühüm rol oynayır. Müasir dövrdə riyazi metodların inkişafı yalnız nəzəri əhəmiyyət daşımır, həm də cəmiyyətin texnoloji tərəqqisinə birbaşa təsir göstərir.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı professor Ələkbər Əliyev bildirib ki, kompüter elmlərinin sürətli inkişafı riyaziyyatın yeni tətbiq sahələrini əhəmiyyətli dərəcədə artırıb. 1972-ci ildə Ümummilli Lider Heydər Əliyevin göstərişi və himayəsi ilə yaradılmış Tətbiqi riyaziyyat və kibernetika fakültəsi fəaliyyət göstərdiyi müddətdə respublikada kompüter elmlərinin inkişafına və elmi-pedaqoji kadrların hazırlanmasına önəmli töhfələr verib. Belə konfranslar tətbiqi riyaziyyat və informasiya texnologiyalarının bir çox aktual problemləri üzrə fikir və bilik mübadiləsi üçün geniş platforma yaradır. Konfransa təqdim olunan elmi işlər əsasən dərin öyrənmə və maşın öyrənməsi alqoritmlərinin effektivliyinin artırılmasına, süni intellekt metodlarının tətbiq sahələrinə, informasiya təhlükəsizliyinin qorunması üsullarına, mobil tətbiqlərin yaradılmasına, kompüter şəbəkələrinin texniki və proqram təminatına və informasiya texnologiyalarının digər aktual sahələrinə həsr edilib.
Konfransda Ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiri professor Rövşən Əliyev “Tətbiqi riyaziyyatın müasir problemləri” mövzusunda hər il keçirilən elmi konfransların gənc tədqiqatçılar və magistrantlar üçün mükəmməl platforma yaratdığını vurğulayıb. O, konfransın məqsədinin elm, təhsil və istehsalatda informasiya texnologiyalarının tətbiqi və bilik mübadiləsini gücləndirmək olduğunu qeyd edib.
İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri dosent Aydın Əliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycanda təhsilin və elmin inkişafına verdiyi dəstəkdən bəhs edib. O, fakültənin tədris keyfiyyətini yüksək qiymətləndirərək, onun məzunlarının respublikanın və dünyanın müxtəlif elm və təhsil ocaqlarında fəaliyyət göstərdiyini bildirib.
Plenar iclasda II kurs magistrantlar Aygül Xankişiyeva, Günel Dadaşova və İsmayıl Zeynalov elmi işlərini təqdim ediblər.
Konfrans işini “Tətbiqi riyaziyyat”, “Diferensial tənliklər”, “Optimal idarəetmə və riyazi kibernetika”, “Ehtimal nəzəriyyəsi və aktuar riyaziyyatı”, “İnformasiya texnologiyaları” bölmələri üzrə davam etdirib.