Elmi nəticələrin kommersiyalaşdırılması proseslərinin idarə olunması problemləri tədqiq ediləcək
Bakı, 3 fevral, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunda bu il elmi nəticələrin kommersiyalaşdırılması proseslərinin idarə olunması problemləri tədqiq ediləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu barədə Elmi şuranın növbəti onlayn iclasında məlumat verilib.
İclasda cari ildə informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənilməsi istiqamətində informasiya və bilik iqtisadiyyatı problemləri üzrə tədqiqat işlərinin yerinə yetiriləcəyi diqqətə çatdırılıb. Qeyd olunub ki, mobil, bulud, süni intellekt texnologiyalarının və kiberfiziki sistemlərin iqtisadi xüsusiyyətlərinin araşdırılması, IV Sənaye İnqilabı platformasında data iqtisadiyyatının xüsusiyyətlərinin müəyyənləşdirilməsi, elmi innovasiyaların formalaşdırılması və kommersiyalaşdırılması proseslərinin idarə olunması problemləri araşdırılacaq. Müvafiq istiqamətlər üzrə informasiya iqtisadiyyatı sektorlarının formalaşması problemlərinin tədqiqi, eləcə də müasir texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması və idarəolunmasının konseptual modelinin və s. işlənilməsi planlaşdırılır.