Elmi seminarda qonaqpərvərlik sənayesinin inkişafinda şərabçılığın əhəmiyyətindən bəhs olunub
Bakı, 19 dekabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) təşkilatçılığı ilə “Turizm sahəsində dövlət siyasətinin prioritet istiqamətlərini nəzərə almaqla qonaqpərvərlik sənayesinin inkişafında şərabçılığın əhəmiyyəti” mövzusunda elmi-praktik seminar keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən rektor İlham Mədətov “2016-2025-ci illər üçün Azərbaycanda turizmin İnkişaf Strategiyası” və “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan sahələrin inkişafına cavab olaraq ATMU ilə Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu arasında əlaqələrin daha da möhkəmləndiyini söyləyib.
Qeyd edilib ki, ATMU ilə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu arasında imzalanmış müqaviləyə əsasən ali təhsil müəssisəsinin tələbələri bu elmi müəssisədə təcrübə keçir, həmçinin şərab istehsalı və saxlanılması proseslərini əyani müşahidə edirlər.
Seminarda institutun biokimyəvi tədqiqatlar və keyfiyyətə nəzarət laboratoriyasının müdiri Şamil Tahirov “Turizmin inkişafında şərabın rolu”, mehmanxana və restoran biznesi kafedrasının müəllimi Həlilə Məmmədova “Üzüm şərabları və onların şəffaflaşdırılması üsulları” mövzularında məruzə ilə çıxış ediblər.
Sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları agentliyin vəzifələri, şərab zəhərlənmələri barədə məlumat veriblər.