Elvar Osmanov: Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş kimi qəbul olunur
Bakı, 11 aprel, AZƏRTAC
Qloballaşma dövründə iqtisadi inkişaf tempinə görə regionun lider dövlətinə, bir çox nüfuzlu beynəlxalq tədbirlərin məkanına çevrilən Azərbaycan, həm də dünyada idman ölkəsi kimi tanınır. Beynəlxalq yarışlarda idmançılarımızın qazandıqları saysız-hesabsız medallar bunun əyani təsdiqidir. Bu uğurlar isə son illər ölkəmizdə idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının təzahürüdür.
Bunu AZƏRTAC-a açıqlamasında “Gəncə İdman Klubu”nun idarə heyətinin sədri Elvar Osmanov deyib.
E.Osmanov qeyd edib ki, ölkə başçısı İlham Əliyevin Macarıstanda təşkil olunan güləş üzrə Avropa çempionatında uğurla çıxış edən yığmamızın üzvləri ilə görüşməsi dövlət qayğısının bariz nümunəsidir. İdman sahəsində əldə olunan nailiyyətlər ölkədə idman siyasətinin düzgün və dolğun həyata keçirilməsi nəticəsində mümkün olur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti hazırda ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyev idmançıların sosial rifahının yaxşılaşdırılması, onların problemlərinin həlli istiqamətində mühüm addımlar atır. İdmançılara dövlət tərəfindən qayğı yüksək səviyyədədir. Hər il idmançılarımızın məişət problemləri həll olunur. Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmamış, məhz onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilib.
Güləşçilərimizin mübarizə meydanına məhz qalib xalqın məğlubedilməz igidləri kimi çıxdıqlarını bildirən E.Osmanov deyib: “44 günlük şanlı Vətən müharibəsi gənclərimizdə torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi və ilahi güclə silaha sarılaraq müqəddəs Vətən torpaqlarını mənfur düşmənin tapdağı altından azad etdi, üçrəngli bayrağımızı yüksəklərdə dalğalandırdılar”.
Bildirib ki, biz də “Gəncə İdman Klubu” olaraq fəaliyyətimizi dövlətimizin başçısı İlham Əliyevin idmançılarla görüşdə səsləndirdiyi istiqamətlər üzrə qurmuşuq və bu sahədə işləri davam etdiririk. Klubumuz ölkəmizdə yeni istedadlar axtarışındadır və respublikamızda idmanın inkişafına töhfə verməyi hədəfləyir. Azərbaycanda artıq ümumxalq məhəbbətini qazanmış Olimpiya hərəkatına dövlətimizin dəstəyi böyükdür. Bu gün ölkəmizdə Olimpiya Oyunlarının qalibləri və mükafatçıları sayılıb-seçilən, hörmət edilən vətəndaşlardır. Onların qələbələrinin kökündə isə dövlətimizə və millətimizə sevgi dayanır.