Elxan Elatlı: Detektiv əsərlər gənclərdə mütaliə vərdişinin formalaşmasında mühüm rol oynayır
Bakı, 25 oktyabr, AZƏRTAC
Bakı Beynəlxalq Kitab Sərgisi kimi tədbirlər Azərbaycan yazıçılarının əsərlərinin xarici ölkələrdə tanıdılması, milli ədəbiyyatımızın beynəlxalq miqyasda təbliği baxımından mühüm imkanlar yaradır. Bununla yanaşı, düşünürəm ki, yazıçılarımızın əsərlərinin dünyada tanıdılması ilə sistemli şəkildə məşğul olan mərkəzləşdirilmiş bir təşkilatın fəaliyyət göstərməsi də olduqca faydalı olar.
Bunu AZƏRTAC-a açıqlamasında bestseller müəllifi, yazıçı Elxan Elatlı deyib.
O bildirib ki, detektiv ədəbiyyata maraq hər zaman yüksək olub. Bu janrın özünəməxsus xüsusiyyətləri, sirli hadisələr və məntiqi mühakimələr oxucuların, xüsusilə gənclərin diqqətini cəlb edir.
“Detektiv ədəbiyyatın ən mühüm üstünlüklərindən biri insanlarda mütaliəyə maraq oyatmasıdır. Bəzən kitab oxumağa həvəsi olmayan insanlar məhz detektiv əsərlər vasitəsilə mütaliəyə başlayır, daha sonra isə digər ədəbi janrlara müraciət edirlər. Bu baxımdan detektiv əsərlər gənclərdə mütaliə vərdişinin formalaşmasında mühüm rol oynayır. Hesab edirəm ki, bu, olduqca müsbət haldır”, – deyə yazıçı vurğulayıb.
Yaradıcılığındakı yeniliklərdən də söz açan E.Elatlı “Kəsik qollar” adlı yeni romanının işıq üzü gördüyünü bildirib.
“Maraqlıdır ki, yenicə çapdan çıxan kitabımı özüm də ilk dəfə məhz XII Bakı Beynəlxalq Kitab Sərgisində gördüm. Növbəti əsərim üzərində isə hələ işə başlamamışam. Təxminən bir aydan sonra yeni romanımı yazmağa başlamağı planlaşdırıram”, – deyə o əlavə edib.