ELM VƏ TƏHSİL
Əlyazmalar İnstitutu əlaqələrini genişləndirir
![Əlyazmalar İnstitutu əlaqələrini genişləndirir](/files/2015/3/1200x630/14468185924762658466_1200x630.jpg)
Bakı, 6 noyabr, AZƏRTAC
UNESCO-nun məsləhətçisi, əlyazmaların bərpası və saxlanması üzrə mütəxəssis Stavros Andreou Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, qonaq bu elm müəssisəsində mühafizə edilən əlyazmaların saxlanma şəraiti və bərpası prosesi ilə maraqlanıb, bərpa laboratoriyasında əməkdaşların iş təcrübəsi ilə tanış olub.
S.Andreou deyib ki, təmsil etdiyi qurumun bütün dünya əlyazma mərkəzləri, kitabxanaları və laboratoriyaları ilə əlaqələri var, əlyazmaların qorunması və bərpası sahəsində onlarla əməkdaşlıq edir, məsləhətlər verir, lazım olan cihaz və preparatların alınmasına yardım edir. O, institutda əlyazmaların qorunması və bərpası sahəsində görülən işləri yüksək dəyərləndirib.
Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov bu elmi müəssisədə əlyazmaların qorunması və bərpası sahəsində aparılan işlər barədə qonağa məlumat verib. Məsləhətlərinə və əməkdaşlıq təkliflərinə görə UNESCO mütəxəssisinə rəhbərlik və kollektiv adından minnətdarlıq bildirilib.