Əmanətlərin Sığortalanması Fondu elektron auksion portalı yaratmağı planlaşdırır
Bakı, 8 aprel, AZƏRTAC
Əsas hədəfi ləğvedicisi olduğu bankların ləğv prosesini daha effektiv və səmərəli başa çatdırmaq olan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) funksiyalarından biri də sözügedən bankların ləğv prosesini sürətləndirmək və kreditorlar qarşısındakı öhdəliklərini yerinə yetirmək məqsədilə aktivlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada satışını həyata keçirməkdir.
ADIF-dən AZƏRTAC-a bildirilib ki, məhz bu səbəbdən müasir standartlara uyğun, qabaqcıl təcrübəyə əsaslanan və daha səmərəli şəkildə satışları təmin etmək məqsədilə qlobal təcrübə araşdırılıb. Müəyyən olunub ki, qabaqcıl ölkələr tərəfindən istifadə olunan fərqli strategiyalardan bizim üçün ən şəffaf və uyğun olanı hərrac mexanizmidir.
Qeyd edək ki, hərracların keçirilmə formatları fərqlənir və hazırda daha ixtisaslaşmış informasiya texnologiyalarının inkişafını nəzərə alaraq, o cümlədən bir sıra ölkələrdə olduğu kimi ölkəmizdə də COVID-19 pandemiyası fonunda elan edilmiş karantin rejiminin tətbiqi elektron ticarətə üstünlük verilməsini zəruri edib. Zamanın tələbinə uyğun olaraq ADIF sözügedən hərracları elektron platformada həyata keçirilməyi planlaşdırır. Fond yeni yanaşmanı tətbiq etməklə həm ləğv prosesində olan bankların kreditorlar qarşısındakı öhdəliklərini qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilməsini sürətləndirəcək, həm də alıcıların zaman və məkan baxımından rahatlığını təmin edəcək.
Banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etmək məqsədilə 2006-cı il dekabrın 29-da “Əmanətlərin Sığortalanması Haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilib, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 fevral tarixli Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fondu yaradılıb, 2007-ci il avqustun 12-dən isə fəaliyyətə başlayıb. Bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziyası ləğv edilib, məhkəmə qərarı ilə müflis elan edilib və haqqında iflas prosesinə başlanmış banklar müxtəlif dövrlərdə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsinə verilib.