“ƏMƏK PENSİYALARI HAQQINDA” QANUN LAYİHƏSİ İKİNCİ OXUNUŞA HAZIRDIR
Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli demişdir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyasının təyinatı sistemini müəyyən edən “Əmək pensiyaları haqqında” qanun layihəsinin birinci oxunuş müzakirəsi zamanı deputatların irəli sürdükləri rəy və təkliflərin əksəriyyəti işçi qrupu tərəfindən nəzərə alınmış, sənəd əsaslı surətdə təkmilləşdirilmişdir.
Müzakirələr zamanı deputatlar gələcəkdə, infliyasiya nəzərə alınmaqla, pensiyalara konpensasiyaların hesablanması qaydalarının, digər sosial müdafiə fondlarının yaradılmasının, bütün kateqoriyalardan olan birinci qrup əlillərə eyni miqdarda pensiya verilməsinin, yaşa görə əmək pensiyalarının müəyyən edilməsi qaydalarında dəyişiklik edilərək, kişilərin 60, qadınların isə 55 yaşında pensiyaya çıxmalarının layihədə göstərilməsini təklif etmişlər.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov qaldırılan məsələlərə münasibətini bildirmişdir.
Sonra əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev “Sosial müavinətlər haqqında” qanun layihəsi barədə məlumat vermiş, onun sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən etməklə yanaşı, bu sahədə yaranan digər münasibətləri tənzimləyəcəyini diqqətə çatdırmışdır.
Sonda hər iki layihə Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.