Əmək qanunvericiliyi, kadr və kargüzarlıq işinin təşkilinə dair təlimə start verilib
Naxçıvan, 25 sentyabr, AZƏRTAC
Əmək qanunvericiliyi, kadr və kargüzarlıq işinin təşkilinə dair Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində təşkil olunan ikigünlük təlimdə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların bu sahə üzrə çalışan 12 əməkdaşı iştirak edib.
Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlimin təşkilində məqsəd kadr və kargüzarlıq işinin qanunvericiliyə uyğun təşkili, insan resurslarının idarə olunmasının təkmilləşdirilməsi, iş təcrübəsinin yüksəldilməsi və bu sahədə yeniliklərin tətbiqidir.
Təlimin ilk günündə mərkəzin direktoru Mehriban İmanova çıxış edərək, mövzunun mahiyyəti barədə məlumat verib.
Maliyyə Tədris Mərkəzinin baş mütəxəssisi Zəhra İsmayılova təlimin birinci modulu üzrə “Əmək qanunvericiliyi” mövzusunda çıxış edərək Azərbaycan Respublikasının əmək qanunvericiliyi, işçinin və işəgötürənin əsas hüquq və vəzifələri, əmək funksiyası, iş vaxtı və onun tənzimlənməsi, əmək müqaviləsi, onun növləri, hazırlanması, sənədləşdirilməsi, əmək müqaviləsi üzrə elektron informasiya sistemindən istifadə, müqaviləyə xitam verilməsi qaydaları barədə slaydlar vasitəsilə geniş bəhs edib.
“Kadr işinin təşkili” adlı ikinci modul üzrə təlimçi-ekspert qismində çıxış edən Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşı Arzuman İmanov “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələri, məzuniyyət hüququnun tənzimlənməsi, məzuniyyət və onun növləri, məzuniyyətlərin müddətləri və verilməsi qaydaları, kadrlara dair tələblərin müəyyənləşdirilməsi haqqında məlumat verib.
Təlimin ikinci günündə təşkilatlarda sənədlərin hazırlanması, hərəkəti, icrası, uçotu ilə əlaqədar olaraq sənədləşmə və kargüzarlıq işinin düzgün aparılması və təkmilləşdirilməsi mövzusu üzrə işini davam etdirəcək.
Sonda iştirakçıların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün test imtahanı keçiriləcək, müvəffəqiyyət əldə edən iştirakçılara sertifikatlar veriləcək.