Əməkdar məşqçi: Atletlərimizin Tokio Olimpiadasına lisenziya qazanacaqlarına inanırıq
Bakı, 1 mart, AZƏRTAC
Azərbaycan Atletika Federasiyasının hakimlər kollegiyasının sədr müavini, Əməkdar məşqçi Ceyhun Hüseynov atletlərimizin gələn il keçiriləcək “Tokio 2020” Yay Olimpiya Oyunlarına və digər turnirlərə hazırlıqlarına dair AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.
- Ceyhun müəllim, atletlərimizi qarşıda böyük yarışlar gözləyir. Yığma komandanın bu yarışlara hazırlığı barədə məlumat verməyinizi xahiş edirəm.
- Azərbaycan Atletika Federasiyası daim idmançıların hazırlığına xüsusi diqqət yetirir. Sevindirici haldır ki, idmançılarımız öz üzərilərində yorulmadan çalışırlar. Bunun da sayəsində yığma komandamız ildən-ilə güclənir və inkişaf edir. Beynəlxalq turnirlərdə atletlərimizin nəticələri əvvəlki illərə nisbətən yaxşılaşıb və bu istiqamətdə daim irəliləyiş müşahidə olunur. Gənc idmançılarımızın da sürətli inkişafı və artan nailiyyətləri göz qabağındadır.
Qarşıda atletlərimizi ciddi yarışlar gözləyir. Komandamızın bu yarışlara hazırlığı federasiya rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır. Əsas yarışlar kimi “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya turnirlərini və bu ilin iyulunda Bakıda keçiriləcək Avropa Gənclərinin XV Yay Olimpiya Festivalını xüsusi vurğulamaq istərdim. Bu yarışlarda atletlərimizdən yüksək nəticələr gözləyirik.
- Bu il ilk beynəlxalq turnirdə iştirak edən idmançıların nəticələri sizi qane edirmi?
- Beynəlxalq turnirlər hələ davam edir. İndiyədək keçirilən beynəlxalq turnirlərdə atletlərimiz çox yüksək nailiyyətlər əldə ediblər. Bu il üçün böyük yarışlardan biri qış Avropa çempionatıdır. İdmançılarımız martın 1-dən 3-dək Şotlandiyanın paytaxtı Qlazqoda keçiriləcək yarışlarda iştirak edəcəklər. Həmin turnirdə də atletlərimizin yüksək nəticələr göstərəcəklərinə inanırıq.
- Atletlərimizin “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışlarda iştirakı ilə bağlı nə deyə bilərsiniz?
- Azərbaycan atletləri bu ildən etibarən Olimpiadaya lisenziya qazanmaq imkanı verən bir sıra yarışlarda qüvvələrini sınayacaqlar. Bütün bu yarışlara hazırlıq prosesi fasiləsiz və yüksək keyfiyyətlə aparılır. İdmançılarımız hazırlıq prosesində əzmkarlıq və ruh yüksəkliyi nümayiş etdirirlər. Ümumiyyətlə, idmançılarımızın Tokio Olimpiadasına lisenziya qazanacaqlarına inanırıq. Çünki hazırkı nəticələr ən az 2-3 lisenziyanın qazanılacağını deməyə imkan verir.