Əməkhaqlarına müddətli əlavə ödənilən sosial xidmət işçilərinin əhatə dairəsinə 2 min nəfər daxildir
Bakı, 18 may, AZƏRTAC
Prezident İlham Əliyevin 2020-ci il 14 aprel tarixli Sərəncamında xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsinə cəlb edilən işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 1 misli miqdarında müddətli əlavə müəyyən edilməsi tapşırılıb.
Sərəncamın 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi 2020-ci il 15 may tarixli Qərara əsasən həmin işçilərin əhatə dairəsi və əlavənin ödənilmə müddəti müəyyən olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, qərarla qeyd olunan işçilərin əhatə dairəsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon (şəhər) şöbələrinin sosial xidmət sektorunda çalışan işçilər (1400 nəfər), DSMF-nin psixonevroloji, sağlamlıq imkanları məhdud uşaqlar, pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisələrinin, həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin işçiləri (600 nəfər) daxildir.
Ümumilikdə əməkhaqqına müddətli əlavənin verilməsi 2 min sosial xidmət işçisinə şamil olunur. Müddətli əlavə onlara 2020-ci il aprelin 1-dən iyunun 1-dək olan müddət üçün iş vaxtına mütənasib olaraq ödənilir.