SİYASƏT
“Ərəb ölkələri ilə Azərbaycan Respublikası və Orta Asiya dövlətləri arasında əməkdaşlıq və iqtisadiyyat” adlı birinci forum keçiriləcəkdir
Bakı, 28 noyabr (AZƏRTAC). Dekabrın 2-dən 3-dək Ər-Riyad şəhərində Ərəb Dövlətləri Liqasının və Səudiyyə Ərəbistanının təşkilatçılığı ilə “Ərəb ölkələri ilə Azərbaycan Respublikası və Orta Asiya dövlətləri arasında əməkdaşlıq və iqtisadiyyat” adlı birinci forum keçiriləcəkdir.
Forumda Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcəkdir. Azərbaycan nümayəndə heyətinin tərkibinə iqtisadiyyat və sənaye, energetika nazirliklərinin nümayəndələri də daxildir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, forum çərçivəsində Ərəb Dövlətləri Liqasının üzv dövlətlərinin, Azərbaycan Respublikasının və Orta Asiya ölkələrinin maliyyə, ticarət və investisiya qurumlarının nümayəndələrinin iştirakı ilə iclasın keçirilməsi də nəzərdə tutulmuşdur.
Forumun yekununda Ərəb Dövlətləri Liqası, Azərbaycan Respublikası və Orta Asiya ölkələri tərəfindən əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması və “Ər-Riyad Bəyannaməsi”nin qəbul edilməsi gözlənilir.
Səudiyyə Ərəbistanına səfər çərçivəsində Mahmud Məmməd-Quliyevin Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatı, İslam İnkişaf Bankı və digər regional maliyyə və iqtisadi qurumlarda da görüşlərinin keçirilməsi nəzərdə tutulmuşdur.