REGİONLAR
Erkən nikahlar ailə dəyərlərimizə təhlükədir
Lerik, 21 noyabr, Bağır Əliyev, AZƏRTAC
Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lerik rayonunun Lüləkəran kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Ailə mənəvi dəyərlərimizin tərkib hissəsidir” adlı layihə çərçivəsində “Erkən nikahlar ailə dəyərlərimizə təhlükədir” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Anar Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Lerik rayonu üzrə səlahiyyətli nümayəndəsi İlham Əliyev, Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev, ictimaiyyət nümayəndələri, o cümlədən gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mövzu ilə bağlı çıxış edənlər milli-mənəvi dəyərlərimiz və onun tərkib hissəsi olan ailə dəyərləri haqqında danışaraq, erkən nikahların mənfi fəsadlarını diqqətə çatdırıblar.
Qeyd olunub ki, ölkəmizdə mövcud olan ailə dəyərlərini qoruyub saxlamaq çox vacibdir.