ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ REGİONUN İNKİŞAFI ÜÇÜN ƏHƏMİYYƏTLİDİR
Səmimi görüşə görə təşəkkür edən Karel de Quxt gələcəkdə Cənubi Qafqaz regionuna bir daha səfər etmək niyyətində olduğunu bildirmişdir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində beynəlxalq vasitəçiliklə aparılan danışıqların inkişafı müzakirə edilmişdir.
ATƏT-in hazırkı sədrinin xahişi ilə nazir E.Məmmədyarov yanvarın 18-19-da Londonda Ermənistanın xarici işlər naziri Vardan Oskanyanla keçirilən görüş barədə məlumat vermiş, müzakirə edilən bir sıra məsələlərə dair Azərbaycanın mövqeyini bildirmişdir. E.Məmədyarov ölkəmizin münaqişənin beynəlxalq hüquq norma və prinsipləri əsasında, Azərbaycan Konstitusiyasına uyğun həllinə sadiqliyini bir daha vurğulamışdır.
Görüşdə işgüzar əlaqələrin gələcəkdə də davam etdirilməsi barədə razılığa gəlinmişdir.
X X X
Görüşdən sonra Karel de Quxt və Elmar Məmmədyarov yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirmişlər.
Cənab Quxtun ölkəmizə ATƏT-in sədri kimi gəldiyini xatırladan E.Məmmədyarov indiki görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına dair fikir mübadiləsi apardıqlarını söyləmişdir.
Səfərdən məqsədin regionla tanışlıq xarakteri daşıdığını qeyd edən Karel de Quxt Azərbaycan və Ermənistan prezidentlərinin fevralda nəzərdə tutulan görüşündə irəliləyişlərin əldə olunacağına inandığını bildirmişdir. O, münaqişənin həllinin regionun inkişafı baxımından da əhəmiyyətli olduğunu diqqətə çatdırmışdır.