Ermənistan hakimiyyətinin sülh ritorikası ilə real siyasəti arasında ziddiyyət var - ŞƏRH
Bakı, 25 sentyabr, AZƏRTAC
Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 24-də BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edərkən Cənubi Qafqazda sülh və regional kommunikasiyalara dair mesajları ilə diqqət çəkib. O, Ermənistanla Azərbaycan arasında sülhün möhkəmləndirilməsini əsas vəzifə kimi vurğulayıb. Eyni zamanda, Ermənistan-Türkiyə münasibətlərinə, həmçinin Azərbaycan, Ermənistan və Türkiyəni əlaqələndirəcək TRIPP layihəsinə də toxunub, onun tarixi əhəmiyyətindən danışıb. Baş nazir BMT kürsüsündən elə təəssürat yaratmağa çalışıb ki, sanki onun ölkəsi Cənubi Qafqazda sülhün aparıcı təşviqatçısıdır. Lakin Nikol Paşinyanın beynəlxalq platformalarda təqdim etdiyi sülh gündəliyi ilə Ermənistanın daxilindəki reaksiyalar arasında fərq görünür. Təəssüf ki, hazırda Ermənistanda baş verən real proseslər Nikol Paşinyanın səsləndirdiyi şüarların əksini sübut edir. Ermənistan mediasının paylaşdığı xəbərləri, vətəndaş cəmiyyəti institutlarının çıxışlarını, siyasi partiyaların bəyanatlarını izləyəndə görünür ki, ölkənin aparıcı mərkəzləri sülhə yox, revanşizmə köklənib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.
Ekspert bildirib ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzur regionlarına səfərinə qarşı Ermənistanda etiraz kampaniyaları keçirilir. Həmçinin 2020-ci il 27 sentyabr və 2023-cü il 19 sentyabr hadisələrinin ildönümünü qeyd edirlər və bunu tarixi “faciə” kimi qələmə verirlər. Yəni Ermənistan cəmiyyətində sülh ovqatı deyil, revanşizm meyilləri hakim mövqedə durur.
“Aydın görünür ki, Ermənistan cəmiyyəti sülhə hazırlanmayıb. Daha maraqlısı odur ki, bu mövqelər yalnız müxalif siyasi qrupların ritorikası ilə məhdudlaşmır.
Hakim komanda üzvlərinin çıxışları göstərir ki, Ermənistanın nə hakimiyyət təmsilçilərində, nə də ümumilikdə cəmiyyətdə Qarabağ məsələsinə münasibətdə əvvəlki ziddiyyət tam aradan qalxmayıb. Sülh gündəliyi hətta hakim komanda üzvlərinin də şüurunda daşlaşmayıb, alt qatlarda oturmayıb. Ermənistan hakimiyyətinin diplomatik korpusun Qarabağa səfərinə qarşı etirazlar fonunda səsləndirdikləri tezislər sübut edir ki, onlar Qarabağ məsələsinin Ermənistanın siyasi gündəmində müəyyən səviyyədə qalmasında maraqlıdırlar.
Bu ziddiyyətin kökləri daha əvvəlki dövrə gedib çıxır. Nikol Paşinyan və onun komandasının hakimiyyətə gəldiyi gündən etibarən səsləndirdikləri bəyanatların, atdıqları addımların xronologiyası deməyə əsas verir ki, bu komanda üçün sülh qəbul edilmiş real konsepsiya deyil, manevrlər üçün vasitədir. 2019-cu ilin avqustunda Xankəndidə çıxış edən Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” ifadəsini işlədib. Eyni ildə Ermənistanın müdafiə naziri David Tonoyan “yeni müharibə-yeni ərazilər” formulunu irəli sürüb. 2020-ci ilin yayında, məhz indiki hakim komandanın dövründə Ermənistan Yaxın Şərqdən gələn erməniəsilli şəxsləri Azərbaycanın işğal edilmiş ərazilərdə yerləşdirmək üçün yeni mərhələ başladıb. N.Paşinyan komandasının qeyri-standart, sülhlə uyğunlaşmayan hərəkətləri 44 günlük Vətən müharibəsindən sonra da davam edib.
Yekunda bir nəticə alınır ki, Ermənistan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımaq məsələsində bəzən qeyri-səmimi davranır. O, səmimi sülhpərvər deyil, işğalın davam etdirilməsi üçün sona qədər çalışıb. Bu gün də fürsət düşən kimi, özünün tərəddüdlü davranışlarını büruzə verir. Ermənistan və onun baş naziri Nikol Paşinyan, sadəcə, 2020-ci ilin 44 günlük müharibəsi və 2023-cü ilin antiterror tədbiri ilə sülhə məcbur edilib. Prezident İlham Əliyevin qətiyyəti ona sülhə getməkdən başqa yol qoymayıb. Ermənistanın hazırkı sülh gündəliyini qiymətləndirərkən yalnız beynəlxalq tribunadan səsləndirilən bəyanatlara deyil, ölkə daxilindəki siyasi ritorikaya və real addımlara da diqqət yetirmək vacibdir”, - deyə o vurğulayıb.