Ermənistan həmişəki hiyləgərliyini, məkrli davranışlarını davam etdirir- Politoloq
Bakı, 23 noyabr, AZƏRTAC
İkinci Qarabağ müharibəsinin Azərbaycanın Qələbəsi ilə başa çatması müasir tariximiz üçün olduqca önəmli hadisədir. Tarixi qələbəmiz özünün müsbət tərəfləri ilə bərabər, bir çox yeni reallıqları da meydana çıxartdı. Bu, özünü region dövlətlərinin və dünya ictimaiyyətinin Azərbaycana olan münasibətində baş verən dəyişikliklərdə büruzə verdi. Çünki Azərbaycanın öz gücü və iradəsi, xalqının mübarizliyi və Ordusunun peşəkarlığı sayəsində mürəkkəb bir məsələnin həll edilməsi heç şübhəsiz birmənalı qarşılanmadı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Heydər Əliyev adına Hərbi İnstitutun professoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Ramid Hüseynov söyləyib.
Onun sözlərinə görə, Azərbaycanın Qələbəsini əvvəldən də proqnozlaşdırmaq və görmək mümkün idi. Belə ki, münaqişə vəziyyətinin davam etdirilməsi və status-kvonun saxlanılması bəzi geosiyasi güclər üçün daha arzuolunan idi. Amma buna baxmayaraq, qələbə Cənubi Qafqazda yeni düzən formalaşdırdı, daha güclü və qüdrətli dövləti kimi Azərbaycan özünü nümayiş etdirməyə başladı.
"Belə olan təqdirdə mövcud vəziyyəti qəbul etmək istəməyən qüvvələr hər cür vasitələrlə mövqelərini qoruyub saxlamağa və geostrateji maraqlarını həyata keçirməyə çalışırlar. Bunun ən yaxşı yolu da həmişə olduğu kimi, vassal dövlətlərdən birini maşa olaraq istifadə etmək, onları silahlandırmaq, revanşist və separatçı ideyaları yenidən alovlandırmaq və münaqişə vəziyyətini bərpa etmək cəhdləridir. Məhz bu fürsətdən istifadə etməklə üzdə sülhün tərəfdarı olduğunu göstərən Ermənistan, əslində, həmişəki hiyləgərliyini, məkrli davranışlarını davam etdirir. Bunu gah Rusiyaya, gah da Qərb dövlətlərinə yarınmaqla etdiyi manipulyasiya cəhdlərində görmək olur. Ermənistan çox yaxşı bilir ki, onun qeyd olunan dövlətlər üçün maraqlı olması yalnız ondan bir vasitə olaraq istifadə etməklə özlərinin maraqlarını təmin etmək istəklərindən uzağa getmir. Çünki Ermənistanın bir dövlət olaraq başqa bir səbəbdən dünya üçün maraqlı olması inandırıcı görünmür.
Amma düşünürəm ki, biz istər diplomatiyamızı, istərsə də hərbi quruculuq istiqamətindəki fəaliyyətimizi Qərbin Ermənistandan istifadə edərək Azərbaycana qarşı yönəldiyi təzyiq siyasəti üzərində qurmalı deyilik. Daha irəli baxmalı, beynəlxalq reallığı qəbul etməli, praqmatik və düşünülmüş, strateji addımlar atmalıyıq. İqtisadi-siyasi-hərbi qüdrətimizi davamlı olaraq artırmalı, beynəlxalq imicin yüksəldilməsi, dövlətlərarası münasibətlərin yaxşılaşdırılması istiqamətində fəaliyyətimizi genişləndirməliyik",- deyə politoloq vurğulayıb.
R.Hüseynov əlavə edib ki, Qələbəni qoruyub saxlamaq onu qazanmaqdan heç də asan deyil. İndiki durumda beynəlxalq təzyiqlərin neytrallaşdırılması, dövlətin və xalqın milli maraqlarına uyğun münasibətlərin yaxşılaşdırılması gələcək inkişaf üçün müsbət imkanlar vəd edir.