SİYASƏT
Ermənistan mina terrorunu ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edir - Politoloq
Bakı, 28 aprel, Elmir Səftərov, AZƏRTAC
Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etmişdi. Ağdamdakı minalı ərazilərin xəritələrinin verilməsindən sonra bizim gözləntilərimiz yüksək olsa da, bu, özünü doğrultmadı. Bundan əlavə, Ermənistan işğal dövründə Azərbaycanın Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə təqribən 92 min minaya dair xəritələri də 2021-ci il iyulun 3-də Rusiya Federasiyasının təşəbbüsü ilə Azərbaycan tərəfinə təqdim etmişdi. Lakin Azərbaycana təqdim edilən mina xəritələrinin dəqiqliyi çox aşağı oldu. Bununla da, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə 298 nəfər mina qurbanı olub, onlardan 54 nəfər isə həyatını itirib. Ermənistanın mina terroru bəşəri cinayətdir.
Bu fikriləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.
Politoloq qeyd edib ki, Ermənistan mina terrorunu ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edir:
"Azərbaycan hələ də mina problemindən yaxa qurtara bilmir. Son günlər Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə ərazilərimizə basdırılmış minaların partlaması nəticəsində həlak olanlar və yaralananların çoxluğu diqqət çəkir. Belə ki, bir neçə gün öncə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində piyada əleyhinə minanın partlayışı nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü xəsarət almışdı. Bu gün isə Tərtər rayonunda mina partlayışı nəticəsində 3 mülki şəxs həlak olub. Bu faktlar Ermənistanın azərbaycanlılara qarşı hələ də cinayətlərinin davam etdiyini göstərir".