ERMƏNİSTANIN AZƏRBAYCANA QARŞI APARDIĞI MÜHARİBƏ AŞPA KOMİTƏSİNİN TOPLANTISINDA PİSLƏNMİŞDİR
Yığıncaqda bir sıra aktual problemlərlə yanaşı, “Avropada meşə yanğınlarının qarşısının alınması” adlı məruzə də müzakirə edilmişdir. Məruzəni ispaniyalı deputat İnaki Tueka hazırlamışdır.
Məruzə ətrafında müzakirələrdə çıxış etmiş deputat R.Hüseynov demişdir: Meşələri təbiətin ağ ciyərləri adlandırırlar. Onların qorunması bizim həm bu günümüzü, həm də gələcəyimizi mühafizə etməyimiz, sağlamlığımız yolunda çalışmağımız deməkdir. Azərbaycan ərazilərinin 20 faizi 15 ildir ki, Ermənistan tərəfindən işğal olunmuşdur. İşğal 15 il əvvəl baş versə də, bu müddət ərzində mütəmadi olaraq, Ermənistan ölkəmizə qarşı ekoloji müharibəni davam etdirməkdədir. Azərbaycanın işğal altındakı torpaqlarında olan meşələri, flora və faunası məhv edilir, suları zəhərlənir, nəzarətsiz qalan zəbt edilmiş torpaqlarda nüvə tullantıları basdırılır. Bütun bunlar son dərəcə təhlükəli hallardır.
Lakin Ermənistanın işğal etdiyi ərazilərdə bir neçə gün əvvəl törətdiyi daha bir vandalizm aktı bu gün müzakirə edilən problemlə bilavasitə bağlıdır və son dərəcə həyəcan doğurur. Ermənilər Dağlıq Qarabağdan kənarda yerləşən və işğal altında olan Ağdam rayonunun bir neçə kəndində genişmiqyaslı yanğınlar törətmişlər. Bu yanğınlar həmin ərazidəki meşə və bitki örtüyünün, məhsuldar torpaq qatının məhv olmasına, həmin torpaqlardakı flora və faunanın yalnız indi deyil, bütün gələcək üçün məhv edilməsinə gətirib çıxarır.
Digər tərəfdən, yanğınların baş verdiyi ərazilərdə erməni silahlı qüvvələrinin basdırdıqları minaların partlaması qonşu kəndlərdə yaşayan əhali arasında vahiməyə səbəb olur.
Avropa Şurası bü məsələyə biganə qalmamalıdır. Yanğınlar, o cümlədən meşə yanğınları həmişə faciəlidir, həmişə qorxuludur. Avropa Şurası adətən ilin bu aylarında Avropa meşələrində təbii proseslər nəticəsində baş verən yanğınları müzakirə edir. Lakin daha dəhşətlisi insanların vasitəsilə törədilən yanğınlardır. Ermənistan Azərbaycanın işğal altında olan ərazilərində məhz bu cür yanğınlar törətmişdir. Həmin torpaqlar isə Azərbaycanın da, bütün beynəlxalq strukturların da nəzarətindən kənar olduğundan oradakı yanğınların söndürülməsi ilə heç kim məşğul olmur. Avropa Şurası təxirəsalmadan bu problemlə əlaqədar səsini qaldırmalı, Ermənistanın Azərbaycan təbiətinə və bütün ətraf həmsərhəd bölgənin ekologiyasına ciddi zərər vuran bu vandalizm aktının qarşısını almaq üçün təcili tədbirlər görməlidir.
Müzakirələri yekunlaşdıran komitə sədri İsveçdən olan deputat Valter Şmidt Azərbaycan tərəfinin həyəcanını bölüşdüyünü, həm özünün, həm də komitə üzvlərinin bu faktdan son dərəcə narahat olduqlarını bildirmiş və AŞPA-nın bir neçə gündən sonra başlanacaq iyun sessiyasında “Avropada meşə yanğınlarının qarşısının alınması” məsələsi müzakirəyə çıxarılarkən, açıq iclasda bir daha bu problemə qayıtmağın zəruriliyini vurğulamışdır. Digər tərəfdən o, həm qarşıdakı komitə toplantısında, həm də partiya qruplarında bu məsələnin bir daha gündəmə çıxarılmasının vacibliyini bildirmişdir.