“ƏSRİN MÜQAVİLƏSİ”NİN 10 İLLİYİNƏ HƏSR OLUNMUŞDUR
“Əsrin müqaviləsi”nin onuncu ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 19 iyul tarixli Sərəncamı ilə açılan kitabda Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun “Neft strategiyası və Azərbaycanın xarici siyasət fəaliyyətinin qurulması”, Milli Məclisin deputatı “Azərikimya” Dövlət Şirkətinin prezidenti Fikrət Sadıqovun “Heydər Əliyev neft strategiyasının ən böyük uğuru - “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi tərəqqisinin əsasıdır”, BDU-nun kafedra müdiri Rüstəm Məmmədovun “Xəzər dənizinin beynəlxalq hüquq baxımından bölünməsi (nəzəriyyə və praktika məsələləri)”, Azneft İstehsalat Birliyinin baş direktoru Yavər Camalovun “Neft və gələcəyimiz” sərlövhəli məqalələri, habelə bir sıra başqa müəlliflərin, o cümlədən gənc tədqiqatçıların yazıları verilmişdir.
Kitabda toplanmış materiallarda mövzuya müxtəlif səpkilərdən yanaşılsa da, bunların hamısında belə bir ümumi fikir söylənir ki, Azərbaycanın müasir neft sənayesinin tarixində ən böyük dönüş nöqtəsi olan “Əsrin müqaviləsi” bütün dünyanın diqqətini ölkəmizə cəlb etmiş, onun layiqli imicini formalaşdırmışdır. Azərbaycan xalqı Heydər Əliyevin neft strategiyasının real bəhrəsini görür və yaxın gələcəkdə bunu daha çox hiss edəcək, respublikamız iqtisadi baxımdan güclü dövlətə çevriləcəkdir. İqtisadiyyatı güclü olan ölkə isə qarşıya çıxan bütün problemləri uğurla aradan qaldıra bilir.