ESTONİYA DÖVLƏTLƏRİN ƏRAZİ BÜTÖVLÜYÜNÜN QORUNMASINA TƏRƏFDARDIR
Estoniyalı nazir səfərinin məqsədləri ilə bağlı AZƏRTAC-ın müxbirinə müsahibə verərək demişdir ki, mən Avropa Şurasının baş katibi vəzifəsinə namizədlərdən biriyəm. Odur ki, Azərbaycanın bu qurumdakı nümayəndə heyəti və həmkarım Elmar Məmmədyarovla görüşməyim vacib idi. Səfərimin əsas məqsədi onlarla görüşüb həm ikitərəfli əlaqələrimizin inkişafı, həm də mənim üçün xüsusi əhəmiyyət kəsb edən məsələ ətrafında fikir mübadiləsi aparmaqdır. Qeyd etməliyəm ki, Estoniya Avropa Birliyi və NATO-ya üzv olduqdan sonra Cənubi Qafqaz ölkələri ilə münasibətlərinin inkişaf etdirilməsini istəyir. Etiraf edək ki, ölkələrimiz arasında əlaqələr o qədər də geniş deyil və biz bu sahədə ciddi iş aparmalıyıq. Estoniya bu işdə maraqlıdır və gələn həftə bizim hökumətin nümayəndə heyəti Bakıya gələcəkdir. Gələn həftə, həmçinin, Avropa Birliyinin nazirləri qurumun Qafqaz regionuna doğru genişlənməsi və qonşuluq prinsipləri məsələsini müzakirə edəcəklər. Mənim ölkəm bu məsələdə Avropa Birliyinin mövqeyini dəstəkləyir. Düzdür, regionda bir sıra problemlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi var. Bu münaqişədən irəli gələn bütün problemlər həll olunmayınca, məsələ daim bütün beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının gündəliyində qalmalıdır. Biz bu məsələ ilə ciddi məşğul olmalıyıq. Bu məsələdə Estoniyanın konkret mövqeyi belədir: Estoniya daim bütün dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşılmasına və səhrədlərin toxunulmazlığı prinsipinin qorunmasına tərəfdardır.