Estoniyada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
Bakı, 29 dekabr, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Tallində tədbir keçirilib.
Azərbaycan Respublikasının Estoniyadakı səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə Estoniyada yaşayan həmvətənlərimiz, diaspor fəalları, Azərbaycan gənclərinin nümayəndələri, səfirliyin əməkdaşları və onların ailə üzvləri iştirak ediblər.
Tədbirin əvvəlində Prezident İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti oxunub. Müraciətdə bu bayramın tarixi və mahiyyəti, diasporla iş sahəsində dövlət siyasəti, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dünya azərbaycanlılarının sıx birləşməsində böyük rolu qeyd edilir.
Bayramda iştirak edən uşaqlar üçün ayrıca proqram təşkil edilib. Uşaqlar Azərbaycan cizgi filmlərinə tamaşa edib, onlara Yeni il hədiyyələri və sürprizlər təqdim olunub.
Tədbirdə keçirilən lotereya bu bayramın maraqlı məqamlarından biri olub. Lotereyada iştirak edən uşaqların priz kimi Azərbaycanda istehsal edilən AzPad planşetlərini udmaq imkanı vardı.
Çıxış edənlər diaspor fəallarının, o cümlədən Tallindəki bazar günü Azərbaycan məktəbinin direktoru və müəllimi, Estoniyanın “ERR” milli teleradio şirkətinin Azərbaycan dilində yayımlanan “Ocaq” radio verilişinin redaktoru və aparıcısı Sənəm Əliyevanın fəaliyyəti xüsusi qeyd edilib. S.Əliyeva Azərbaycan dilinin və mədəniyyətinin təbliğinə verdiyi şəxsi töhfəyə görə AzPad mini planşet-telefon ilə mükafatlandırılıb.
Tədbirin sonunda iştirakçılar və qonaqlar üçün milli şirniyyat süfrəsi açılıb.