Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə 11 layihəyə razılıq verilib
Bakı, 13 fevral, AZƏRTAC
Ötən il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsində Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) layihələri əsasən xarici və yerli investisiyalar hesabına respublikada həyata keçirilən neft-qaz, neft-kimya, yeni texnologiyalar, su təchizatı və kanalizasiya xidmətləri işləri ilə əlaqədar olub.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, ƏMTQ layihələrinin ekspertizası üzrə il ərzində 11 layihəyə baxılaraq razılaşdırılması təmin olunub. Layihələr “Socar Polimer” zavodunun tikintisi, şimal-cənub nəqliyyat dəhlizinin təşkili üzrə Azərbaycan-İran dəmir yolu xəttinin tikintisi, Xəzər dənizinin dayaz sulu hissəsində seysmik tədqiqat işlərinin aparılması, ARDNŞ-in tullantı mərkəzinin yenidənqurulması, Şabran rayonunda suvarma şəbəkələrinin qurulması və s. ilə əlaqədar olub. Qeyd olunan layihələrin razılaşdırılması zamanı layihə sifarişçiləri və icraçılar Dövlət Ekspertiza İdarəsinə dəvət olunaraq geniş müzakirələr aparılıb, zərurət yarandığı hallarda layihələrə baxılması üçün ştatdankənar ekspertlər dəvət olunub. Hazırda bir neçə layihənin razılaşdırılması məqsədilə müvafiq müzakirələr aparılır.
Hesabat dövründə müvafiq qanunvericiliklə ETSN-in səlahiyyətlərinə aid edilmiş mal və materialların idxal və ixracının razılaşdırılması üzrə 234 müraciət baxılaraq razılaşdırılması təmin olunub, 7 müraciətin isə razılaşdırılması təmin edilməyib. Daxil olmuş müraciətlərdən 146-sı idxal, 88-i isə ixrac ilə əlaqədar olub. Müraciətlərin əksər hissəsi respublikada həyata keçirilən neft-qaz əməliyyatları ilə əlaqədar olaraq zəruri geofiziki məlumatlar, kimyəvi maddələr, neft, qaz, şlam, mineral xammal və su nümunələrinin idxalı və ixracı ilə əlaqədar olub.