“EUROPEAN TOBACCO-BAKU” ASC-NİN YARANMASININ 6 İLİ TAMAM OLDU
“European Tobacco-Baku” ASC idarə heyətinin sədri, Milli Məclisin deputatı Rüfət Quliyev bildirmişdir ki, 1999-cu il avqust ayında Bakı tütün kombinatının bazasında yaradılmış müəssisəyə indiyədək 60 milyon dollardan artıq sərmayə qoyulmuş və bu iş davam etdirilməkdədir. Keçmiş tütün kombinatının büdcəyə olan 32,8 milyard manat (köhnə pulla) borcu da ödənilmişdir.
Əsaslı şəkildə yenidən qurulan müəssisədə siqaret istehsalına 2000-ci il fevralın 1-də başlanmışdır. Həmin gün müəssisənin rəsmi açılışı münasibətilə keçirilən təntənəli yığıncaqda Azərbaycanın ümummilli lideri Heydər Əliyev iştirak etmiş, onun fəaliyyətinə xeyir-dua vermişdir.
Səhmdar cəmiyyətin daxil olduğu “European Tobacco Inc” transmilli şirkətlər qrupunun fəaliyyəti dünyanın 35 ölkəsini əhatə edir. Qrup həmin ölkələrin yalnız 7-də siqaret istehsalı ilə məşğul olur.
“European Tobacco-Baku” ASC-də, ümumiyyətlə, 24-dən artıq növdə siqaret istehsal edilir. Müəssisənin istehsal etdiyi siqaret markaları Azərbaycanda ucuz və orta qiymətli siqaretlərə tələbatın əksər hissəsini ödəməklə yanaşı, 15 xarici ölkəyə ixrac edilir. İstehsal fəaliyyətinə başlayandan indiyədək müəssisədə dəyəri 214,37 milyon AZN olan süzgəcli siqaret istehsal olunmuşdur ki, bunun da 177,75 milyon AZN, - o cümlədən daxili bazarda 126,99 milyon AZN, xarici bazarda 50,75 milyon AZN, - dəyərində hissəsi satılmışdır. Müəssisə 2006-cı il yanvarın 1-dək dövlət büdcəsinə və büdcədən kənar fondlara 63,818 milyon AZN ödəmişdir.
Sərmayə öhdəliyinə görə 700 işçi nəzərdə tutulduğu halda, hazırda “European Tobacco-Baku” ASC-də işləyənlərin sayı 1000 nəfərə yaxındır. Onların əksəriyyəti keçmiş Bakı tütün kombinatının işçisidir. Keçmiş kombinatın işləməyən 50 nəfər işçisinin hər birinə isə ayda 34 manat (yeni manatla) müavinət verilir. Ümumiyyətlə, müəssisənin fəaliyyəti (siqaret istehsalı, daşınması və satışı) ölkədə 2000-2500 vətəndaşın işlə təmin edilməsinə imkan yaratmışdır.
Müəssisədə orta aylıq əmək haqqı 184 manatdır. Əvvəllər istehsalatda xəsarət almış 7 nəfərə müxtəlif məbləğdə aylıq müavinət, 5 şəhid ailəsinin hərəsinə ayda 40 manat müavinət verilir.
İndiyədək müəssisənin hesabına 4 qaçqın ailəsi üçün mənzil inşa edilmişdir. Talassemiyalı uşaqların müalicəsinə, zəlzələdən zərər çəkənlərə yardım göstərilmişdir. “European Tobacco-Baku” ASC Nizami rayonunda yerləşən İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Ïdman Məktəbini də əsaslı şəkildə təmir etdirmişdir.
Tədbirdə Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə çıxış edərək, “European Tobacco-Baku”nun Azərbaycanın qeyri-neft sektorunda böyük sərmayə layihəsi həyata keçirən ilk şirkət olduğunu diqqətə çatdırmışdır.