İQTİSADİYYAT
FAO “Azərbaycanda toxum sektorunun inkişafına dəstək” layihəsinin icrasına başlayır
Bakı, 23 may, AZƏRTAC
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) “Azərbaycanda toxum sektorunun inkişafına dəstək” layihəsinin icrasına başlayır.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu barədə Bakıda layihənin həyata keçirilməsinə həsr olunmuş seminarda məlumat verilib.
Seminarda nazirliyin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov və FAO-nun Azərbaycan üzrə nümayəndəsi Mustafa İmir çıxış edərək, layihənin uğurla həyata keçiriləcəyinə əmin olduqlarını vurğulayıblar.
Layihənin milli koordinatoru Möhtəsim Əhmədov, FAO-nun baş eksperti Hafiz Mumincanov və Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin əməkdaşı Afaq Abbasova təqdimatla çıxış etdilər.
Müzakirələrdə toxum sektorunun üzləşdiyi problemlər, imkanlar, qarşıda duran vəzifələr, kadr hazırlığı, toxum keyfiyyətinə nəzarət və digər məsələlərə dair geniş fikir mübadiləsi aparıldı.
Seminarın sonunda layihənin həyata keçirilməsi üçün ətraflı iş planı hazırlanıb.