Federasiya prezidenti: Kunq-fu üzrə dünya çempionatında qazanılan nəticə idmançılarımızın gücünü göstərir
Bakı, 31 oktyabr, AZƏRTAC
İtaliyanın Karrada şəhərində keçirilmiş dünya çempionatında uğurla çıxış edən Azərbaycanın yeniyetmələr, gənclər və böyüklərdən ibarət kunq-fu millisi Vətənə qayıdıb.
AZƏRTAC xəbər verir ki, idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Kunq-Fu Federasiyasının prezidenti Nurlan Aslanov, media nümayəndələri, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.
N. Aslanov hava limanında komandanın nəticəsini tarixi uğur adlandırıb: “Azərbaycanda kunq-fuya maraq böyükdür. Məhz buna görə rəqabət yüksəkdir. Ən yaxşı idmançılar İtaliyadakı dünya çempionatında iştirak etdilər. Əldə olunan nəticələr idmançılarımızın gücünü göstərir”.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Çin Döyüş Növləri Assosiasiyasının dəstəyi ilə mundiala yollanan yığma yarışı 37 medalla başa vurub. Onlardan 28-i qızıl, 6-sı gümüş, 3-ü isə bürünc mükafatdır.