Fermer: İstehsal olunan məhsulların emal məsələlərini həll etməyi qarşıya məqsəd qoymuşuq
Ağsu, 10 fevral, AZƏRTAC
Fermerlərə subsidiyalar verilir, onlar torpaq vergisi istisna olmaqla, - o da cüzi rəqəmdir,- vergilərdən azaddırlar. Bu reallıq ölkəmizdə dövlət aqrar siyasətinin məntiqi nəticəsi, aqrar sektorda qazanılan uğurlar üçün önəmli səbəblərdəndir.
Ağsu rayonunda iri taxılçılıq təsərrüfatı olan fermer İlham Mirzəyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, uğurlarını ölkəmizdə kənd təsərrüfatında aparılan islahatlarda, Prezident İlham Əliyevin göstərişi ilə sahibkarlar üçün yaradılan əlverişli şəraitdə, onlara göstərilən qayğıda görür: “Güzəştli qiymətlərlə təsərrüfatımıza 3 kombayn, 10 traktor, 4 səpin aqreqatı və digər texnika almışıq. Ötən il 1100 hektarda taxıl əkmişdik. 3300 ton məhsul istehsal etdik. Gübrələr də güzəştli qiymətlərlə idi. Subsidiya xərcimizin xeyli hissəsini ödədi. Cari ilin məhsulu üçün ötən payızda əkin sahəsini 200 hektar artıraraq 1300 hektara çatdırmışıq”.
Fermer bundan sonrakı fəaliyyətini dövlət başçısının Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan iclasdakı yekun nitqindən irəli gələn vəzifələr əsasında quracağını bildirib. “İstehsal sahələrini genişləndirəcəyik. Artıq “Sünbül” kooperativi açmışıq və 7 fermer birləşib. Qarğıdalı, yonca əkini ilə də məşğul olacağıq. İstehsal olunan məhsulların emal məsələlərini həll etməyi də qarşıya məqsəd qoymuşuq”.