FHN təhlükəsizlik tələblərinə cavab verməyən liftin fəaliyyətini dayandırıb
Bakı, 19 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə nazirliyin 112 - qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunun Xan Şuşinski küçəsi, ev 21 ünvanındakı “Real” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasında liftin qəzalı vəziyyətdə istismar olunması barədə vətəndaş tərəfindən müraciət daxil olub.
Müraciətlə əlaqədar dərhal Dövlət Agentliyinin müfəttişləri tərəfindən həmin binadakı liftə texniki baxış keçirilib. Baxış zamanı həqiqətən də liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi və insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.
Qeyd olunanlar nəzərə alınaraq, liftin istismarı dayandırılıb və aşkarlanmış texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün “Real” MTK qarşısında məsələ qaldırılıb. Həmçinin müvafiq akt tərtib edilərək, yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftin istismarının mümkün olacağı və liftin müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə məsuliyyət daşıdıqları həmin MTK-nın rəhbərliyinə izah olunub.