“FİNCA-AZƏRBAYCAN” QEYRİ-KOMMERSİYA MİKROMALİYYƏ TƏŞKİLATI MÜŞTƏRİLƏRİNİN SAYINI 100 MİN NƏFƏRƏ ÇATDIRMAQ NİYYƏTİNDƏDİR
AZƏRTAC xəbər verir ki, “FİNCA-Azərbaycan” Qeyri-Bank Kredit Təşkilatı 10-cu ildönümü münasibətilə “10 il birlikdə” yubiley kampaniyası çərçivəsində mətbuat konfransı keçirmişdir.
“FİNCA-Azərbaycan”ın ölkəmiz üzrə direktoru Ceff Flauers bildirmişdir ki, təmsil etdiyi qurum 60,6 milyon ABŞ dolları kredit portfeli ilə 81 min nəfərdən artıq müştəriyə xidmət göstərir və ilin sonunadək onların sayını 100 minə çatdırmaq niyyətindədir. “FİNCA-Azərbaycan” dünyanın 22 ölkəsində fəaliyyət göstərən “FİNCA İnternational” mikromaliyyə qurumları arasında liderdir. Mikromaliyyə İnformasiya Mübadiləsi Korporasiyasının tərtib etdiyi dünya təşkilatları üzrə cədvəlində “FİNCA-Azərbaycan” ilk 100 mikromaliyyə təşkilatı sırasındadır.
Hazırda qurumun Azərbaycanın 55 bölgəsində 24 filialı və 30 ofisi vardır. Bu təşkilatda 700 nəfər çalışır. “FİNCA-Azərbaycan”ın missiyası yeni iş yerləri yaradır və aztəminatlı adamlara maliyyə xidmətləri təklif edir. Qurum Azərbaycan Respublikası Milli Bankından alınmış Qeyri-Bank Kredit Təşkilatı lisenziyası əsasında fəaliyyət göstərir.
“FİNCA İnternational” təşkilatının baş icraçı direktoru Rupert Skofild, Nazirlər Kabinetinin şöbə müdiri Qurban Sadıqov və başqaları çıxış edərək, qurumu 10-cu ildönümü münasibətilə təbrik etmiş və ona uğurlar arzulamışlar. Bildirmişlər ki, “FİNCA-Azərbaycan” təcrübəli maliyyə qurumu olmaqla yanaşı, iş fəaliyyətinin göstəricilərinə görə beynəlxalq investorlar, donorlar və şirkətlərin dəstəyini də əldə etmişdir.