Fiziologiya İnstitutunda “Görmənin fiziologiyası” yaradıcı qrupu fəaliyyətə başlayıb
Bakı, 30 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fiziologiya İnstitutunda “Görmənin fiziologiyası” yaradıcı qrupu fəaliyyətə başlayıb. Bu qrup Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşları ilə birgə beyinin neyrodegenerativ pozulmaları ilə görmə sistemi strukturları arasında əlaqənin öyrənilməsi üzrə çox mühüm tədqiqat proqramını həyata keçirir və artıq bu proqram üzrə ilk eksperimental tədqiqatlara başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə AMEA-da görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr edilmiş tədbirdə Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova məlumat verib.
Alim bildirib ki, hazırda bu proqram çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə Belarus Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutu ilə birgə “neyrodegenerative” xəstəlikləri zamanı görmə funksiyasının pozulma mexanizmlərinin neyrofizioloji və kliniki tədqiqini və bu pozulmaların innovativ reabilitasiya üsullarının işlənilməsini nəzərdə tutan elmi layihə həyata keçirilir.