İDMAN
Formula 1 üzrə dünya çempionatının 2020-ci il mövsümünə yekun vurulub
Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 13-də Formula 1 üzrə dünya çempionatının 2020-ci il mövsümünə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, mövsümün sonuncu - 17-ci mərhələsinə Əbu-Dabidəki "Yas Marina" avtodromu ev sahibliyi edib.
Yarışda "Red Bull Racing" komandasının niderlandlı üzvü Maks Ferstappen birinci olub. İlk üçlüyü "Mercedes"in pilotları Valtteri Bottas və Luis Hamilton tamamlayıblar. M.Ferstappen cari mövsüm ikinci, karyerasında isə onuncu qələbəsini qazanıb.
Ötən yarışlarda Luis Hamilton pilotların yarışında, "Mercedes" komandası isə Konstruktorlar kubokunda çempionluğunu bayram edib.
Pilotların sıralamasında V.Bottas ikinci, M.Ferstappen isə üçüncü pillədə qərarlaşıblar. Konstruktorlar kubokunda "Red Bull Racing" mövsümü ikinci, "McLaren" isə üçüncü yerdə başa vurublar.
Gələn il Formula 1 üzrə dünya çempionatı martın 21-də Avstraliyanın Melburn şəhərində start götürəcək. Mövsümə dekabrın 5-də Əbu-Dabi Qran-Prisi ilə yekun vurulacaq.
İyirmi üç mərhələdən ibarət çempionat çərçivəsində keçiriləcək Azərbaycan Qran-Prisinin də vaxtı müəyyənləşib. Belə ki, Bakı şəhər halqası yarışa iyunun 6-da ev sahibliyi edəcək.
Gələn il Səudiyyə Ərəbistanı Qran-Prisi debüt edəcək. Cari il keçirilməsi nəzərdə tutulan və koronovirus pandemiyası səbəbindən təxirə salınan Vyetnam Qran-Prisinin təşkili isə hələ sual altındadır.