Fransa mətbuatı Xocalıya həsr olunmuş konfransdan bəhs edib
Paris, 24 fevral, AZƏRTAC
Fransanın www.mediapart.fr saytında “Xocalı 1992: heç kimin danışmadığı azərbaycanlı genosidi” adlı məqalə dərc edilib.
Məqalədə Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 25 illiyinə həsr edilmiş konfrans-debatdan söz açılır.
Bildirilir ki, Xocalı soyqırımında 63 uşaq və 107 qadın olmaqla, 613 azərbaycanlı erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilib.
Konfransda iştirak edən Qafqaz üzrə mütəxəssis və tədqiqatçıların, eləcə də qanlı hadisələrin şahidləri böyük ictimaiyyətə hələ də məlum olmayan tarix haqqında məlumat veriblər.
Diqqətə çatdırılıb ki, Ermənistan 25 ildir Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonu işğal edib. Xocalı şəhəri ermənilər tərəfindən bombalanaraq yandırılıb.
Xocalıda həmin qaranlıq gecədə tanımadığı insanlara qoşularaq xilas olmuş Əfsanə Ələkbərova mühasirə olunmuş şəhərin sakinlərinin qaçıb canlarını qurtarmaq üçün yol axtardıqlarını, bu zaman ermənilər tərəfindən amansızcasına qətlə yetirildiklərini bildirib. Həmin müdhiş gecədə 10 yaşlı Əfsanə bütün ailəsini - atasını, anasını, nənə-babalarını, xalasını, əmisini itirib. Ancaq onların cəsədini tapmayıb. Yalnız atasının cəsədini tapıb dəfn edib. Yaşadığı bu acılara baxmayaraq, Əfsanə sülhün bərqərar olmasını arzulayır ki, qızları da onun kimi cəhənnəm əzabı yaşamasın. Xocalı faciəsində 613 azərbaycanlı qətlə yetirilib, 25 uşaq hər iki valideynini itirib, 150 nəfər itkin düşüb, onlardan bu günə qədər xəbər yoxdur.
Məqalədə Xocalı soyqırımının Ermənistanın Dağlıq Qarabağın erməniləşdirmə siyasətinin kulminasiya nöqtəsi olduğu qeyd olunur.
“Ermənistanın etnik təmizləmə siyasəti 1985-ci ildə başlayıb və 1992-ci il Xocalı faciəsi ilə püskürüb”, - deyə tarixçi Maksim Quen bildirib.
Geosiyasətçi Didye Şode isə 2016-cı ilin aprel döyüşlərindən bəhs edib, Azərbaycanın səbirli olmasına baxmayaraq, ermənilərin növbəti provokasiyasına daha şiddətli cavab verməyi istisna etmədiyini vurğulayıb.
Deputat Rövşən Rzayev azərbaycanlıların sülh mövqeyi tutduğunu bildirib və təşəbbüsçüsü olduğu Ermənistan-Azərbaycan Sülh Platforması vasitəsi ilə jurnalistləri və siyasətçiləri onların sülh səsini eşitməyə çağırıb.
Qeyd olunur ki, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov konfransda yekun çıxışında iştirakçıları sülhü təşviq etməyə və Rövşən Rzayevin təşəbbüsünə qoşulmağa səsləyib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris