FRANSA ORDUSUNUN RUANDADAKI ƏMƏLLƏRİ ARAŞDIRILIR
Fransa Baş Xarici Təhlükəsizlik İdarəsi həmin sənədləri “məxfilik” kateqoriyasından çıxarmaq qərarına gəlmişdir. Xutu tayfa ittifaqının 1994-cü ildə tutsi xalqına qarşı törətdiyi qırğına Fransa ordusunun aidiyyətinin təfərrüatını ilkin qaydada araşdıran Florans Mişon bu sənədlərdən istifadə imkanı əldə etmişdir.
Tutsi xalqının qırğından salamat çıxmış 6 nümayəndəsi 2005-ci ilin fevralında Paris hərbi tribunalına şikayət ərizəsi vermişdi. Onlar soyqırımda, yaxud insanlığa qarşı cinayətlərdə Fransa ordusunun rəhbərlərindən kimlərin iştirak etdiyini müəyyənləşdirmək barədə tələb irəli sürmüşlər. Bundan əlavə, Ruanda rejimi rəsmi Parisi xutu ittifaqını silahlandırmaqda və bu ölkənin cənub-qərbində “Tyurkuaz” (Firuzə) hərbi-humanitar missiyası zamanı qırğının törədilməsinə cavabdehlərin qaçmalarını təşkil etməkdə təqsirləndirir.
BMT Ruandada 800 min adamın ölümü ilə nəticələnmiş soyqırımı araşdıran Beynəlxalq tribunal çərçivəsində Fransanın kütləvi qırğınlara aidiyyətini təhqiq edir.