Fransa portalı Azərbaycanın Afrika ölkələrinə dəstəyindən yazıb
Paris, 31 yanvar, AZƏRTAC
Fransanın “Mondeafrique” portalında Azərbaycan səfiri Rəhman Mustafayevin “Azərbaycan 300 min afrikalının göz əməliyyatını maliyyələşdirir” adlı müsahibəsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, müsahibədə R.Mustafayev ölkəmizin Afrikada koronavirusa qarşı mübarizədə və görmə qabiliyyətinin bərpası istiqamətində verdiyi töhfələrdən söz açıb.
Səfir bildirib ki, beynəlxalq birliyin üzvü kimi məsuliyyətini dərk edən Azərbaycan bir çox ölkədə xüsusilə səhiyyə sahəsində mövcud problemlərin aradan qaldırılmasına qlobal miqyasda dəstək verir. Azərbaycan dünyanı caynağına almış koronavirusla mübarizədə göstərilən beynəlxalq səyləri dəstəkləyib.
“Azərbaycan ona ünvanlanan müraciətlərə cavab olaraq dünyanın 80-dən çox ölkəsinə, eləcə də Ümumdünya Səhiyyə Təşkilatına (ÜST), ICESCO-ya, Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Kömək və İşlər Agentliyinə (UNRWA) və UNESCO-ya yardım edib.
COVID-19 pandemiyasına qarşı mübarizəyə beynəlxalq dəstək proqramı çərçivəsində Azərbaycan Beynəlxalq Frankofoniya Təşkilatına üzv dövlətlərə 600 min doza vaksin göndərib”, - deyə diplomat qeyd edib.
Oxucuların diqqətinə çatdırılıb ki, Qoşulmama Hərəkatının prezidenti qismində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2021-ci il noyabrında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib.
Müsahibədə Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) Afrika ölkələrində həyata keçirdiyi layihələrdən danışılıb. 2010-2017-ci illərdə Benin, Burkina-Faso, Çad, Mali, Niger, Kamerun, Kot-d'İvuar, Qvineya, Cibuti və Mozambik kimi bir çox Afrika ölkəsində Azərbaycanın maliyyə dəstəyi ilə 300 min insanın göz əməliyyatı aparılıb.
Bildirilib ki, Azərbaycan Afrika ölkələrinə dəstək layihələrini davam etdirəcək.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris