Fransa Prezidenti: COVID-19 virusuna qarşı ilk qələbəmizdən şadam
Paris, 15 iyun, AZƏRTAC
Epidemiyaya qarşı mübarizə başa çatmayıb. Virus uzun müddət bizimlə bərabər yaşayacaq. Sanitar qaydalara riayət etmək lazımdır. Ancaq virusa qarşı ilk qələbəmizdən şadam. Ölkəmizdə irqindən və dinindən asılı olmayaraq hər kəsin öz yeri var. İrqçilik və antisemitizmlə bağlı barışmazıq və hər kəsə bərabər şans üçün yeni tədbirlər görüləcəkdir. Tariximizi silməyəcəyik, respublikada heç bir heykəl aşırılmayacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident Emmanuel Makron fransızlara müraciətində söyləyib.
Fransa Prezidenti bildirib ki, virusun hələ də yayılmaqda olduğu Mayot və Giyandan başqa ölkənin bütün ərazisi yaşıl zonaya keçir.
E.Makron insanların sağlamlığını iqtisadi fəallıqdan üstün tutaraq, təcrid olma rejimini tətbiq etmənin düzgün seçim olduğunu deyib. Prezident növbəti çıxışının iyulda növbəti mərhələ ilə bağlı olacağını diqqətə çatdırıb. Epidemiya dövründə ölkədə üzləşilən zəifliklərə, digər qitələrdən asılılığa toxunaraq, bu istiqamətdə bütün çatışmazlıqların tezliklə aradan qaldırılacağını deyib. Həmçinin iqtisadiyyatı dirçəltmək məqsədilə 500 milyard avro vəsait ayrıldığını xüsusi qeyd edib. Vergilərin artmayacağını vurğulayıb. Tədqiqat və konsolidasiya yolu ilə texnoloji, rəqəmsal, sənaye və kənd təsərrüfatına investisiya yatırmaqla yeni iş yerlərinin yaradılmasının, eləcə də iqtisadiyyatın bərpa edilməsində sosial və həmrəyliyin vacibliyini vurğulayıb. Qarşıda tarixi çətinliklərin olduğunu deyərək, onların aradan qaldırılması üçün birlikdə fəaliyyət göstərməyə və iradələri birləşdirməyə çağırıb.
Fransa Prezidenti bu gündən ölkədə bütün restoran və kafelərin fəaliyyətlərini tam bərpa edəcəyini, Avropa ölkələri ilə sərhədlərin açılacağını bildirib. Qeyd edib ki, iyunun 22-dən isə məktəb və liseylərdə dərslərin tam bərpası və bütün şagirdlərin məktəbə qayıdışı məcburidir. İyunun 28-də isə ölkədə bələdiyyə seçkiləri keçiriləcək.
Emmanuel Makron bildirib ki, dünyada belə güclü epidemiya olmayıb: “Diqqətli olmaq və virusa ən çox məruz qalmış ölkələrə həmrəylik göstərmək lazımdır”.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris