FRANSA SENATININ SƏDRİ KRİSTİAN PONSÖLENİN ÇIXIŞI
Hörmətli həmkarlarım!
Mən sizin hamınızı salamlayıram və deyirəm ki, bu günlərdə biz dostlarımızı qəbul edirik. Burada olan şəxslər hamısı bizim səmimi dostlarımızdır.
Hörmətli Prezident, hörmətli Mehriban xanım, Fransa Respublikası Senatının sədri kimi bu günlərdə Sizi burada yenidən görməyimdən çox şadam və bu, mənim üçün böyük şərəfdir. Bu, artıq ikinci görüşdür və sübut edir ki, Azərbaycanla Fransa arasında olan münasibətlər çox yüksək səviyyədədir, çox gözəldir. Bu sərginin açılışında Siz də iştirak edirsiniz. Eyni zamanda bu, bizim parlamentlərimiz arasında olan münasibətlərin inkişafı deməkdir. Bildiyiniz kimi, Dostluq qrupunun sədri Ambruaz Düpon parlamentlər arasında əlaqələrin inkişafı üçün daha böyük səylər göstərməyə çalışır.
Fransa Senatı mümkün qədər çalışır ki, Cənubi Qafqaz ölkələrinin parlamentləri arasında əlaqələri inkişaf etdirsin. Bu parlamentlərin sədrləri dəfələrlə görüşüblər. Bir dəfə Versalda görüşüblər, sonra da görüşlər keçirmişlər. Bu da Fransa Senatının təşəbbüsü ilə baş tutmuşdur.
Fransa Senatı Bakıda fəaliyyət göstərən Fransa Mədəniyyət Mərkəzinin açılması və inkişafında həlledici rol oynamışdır. Fransa Senatı Azərbaycan rəssamlarının tanıdılması üçün də əlindən gələni edir. Bu gün mən çox şadam ki, Azərbaycan rəssamlarının əsərləri bu salonu bəzəyir. Bu sərginin təşkilində Azərbaycandakı keçmiş səfirimiz xanım Şantal Puare və yeni təyin olunmuş səfirimiz cənab Rolan Blatman da böyük səylər göstərmişlər. Fransa Senatı bu tədbirlə Azərbaycan mədəniyyətinə, incəsənətinə xüsusi diqqət yetirdiyini bir daha sübut etmək istəyir. Bu günlərdə bu salona gələrək, əsərlərə tamaşa edən hər kəs, Fransa ictimaiyyətinin hər bir nümayəndəsi Azərbaycan rəssamlarının necə peşəkar olduğunu, onların nə qədər böyük potensiala malik olduğunu deyə bilər. Artıq Azərbaycan rəssamlarının yeni nəsli formalaşıb və onlar öz əsərlərini sərgilərə çıxarırlar.
Azərbaycanın səfiri də mənim yanımda dayanıbdır. O da bu sərginin təşkilində azərbaycanlı tərəfdaşlarımızla çox sıx əlaqədə işləmişdir.
Bu günlərdə təşkil olunmuş bu sərgi artıq öz məqsədinə çatmışdır. Məqsəd isə ondan ibarətdir ki, sərgiyə gəlib buradakı əsərlərə tamaşa edən hər bir şəxs həmin əsərlərə öz qiymətlərini versin, onları dəyərləndirsin. Əminik ki, bu əsərlər bir çox kolleksiyaçıları maraqlandıracaqdır, bu da özlüyündə Azərbaycanı xaricdə daha da tanıtmaq üçün imkandır.
Möhtərəm cənab Prezident, Sizin rəhbərliyiniz altında Azərbaycan çox böyük nailiyyətlər əldə etmişdir. Bu gün Azərbaycanda böyük inkişaf var, iqtisadiyyatı inkişaf edir. Bilirik ki, Azərbaycanın neft sənayesində böyük inkişaf var. Lakin eyni zamanda, qeyd etmək istəyirik ki, cənab Prezident, Sizin kimi böyük dövlət xadimi mədəniyyət, incəsənət sahəsinə də xüsusi diqqət yetirir. Bu, Azərbaycan mədəniyyətinin inkişafına öz töhfəsini verəcəkdir. Cənab Prezident, buna görə də mən Sizə səmimi qəlbdən və dərin minnətdarlığımı bildirirəm.
X X X
Prezident İlham Əliyev mərasimdə çıxış etdi.