Fransız deputat Tyeri Mariani Avropa Parlamentini tərəfli qətnamələrə görə tənqid edib
Paris, 22 may, AZƏRTAC
Azərbaycan beynəlxalq hüquqla tanınan ərazilərini hərbi yolla geri qaytarıb. Prezident İlham Əliyev isə əməliyyatları beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində dayandırmaq siyasi bacarığı nümayiş etdirib. Bu, bəziləri üçün ağrılı olsa da, beynəlxalq reallıqla inkar edilə bilməyən bir faktdır.
Bu gün region tarixi bir mərhələdən keçir. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesi, 1963-cü ildə general Şarl de Qoll və Konrad Adenauer arasında imzalanan barışıq ruhunu xatırladır. Bir əsr davam edən qarşıdurmalardan və üç müharibədən sonra bu barışıq mümkünsüz görünürdü, lakin tarix bunun əksini göstərdi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Avropa Parlamentinin fransız deputatı Tyeri Mariani Avropa Parlamentində çıxışında bildirib.
O, ötən əsrin sonlarını xatırladaraq deyib: “Birinci Qarabağ müharibəsində qələbə qazanmış Ermənistanın prezidenti Levon Ter-Petrosyan 1997-ci ildə regionun gələcəyi ilə bağlı mühüm suallar yaradan əsər nəşr etmişdi. O, həmin əsərdə bölgənin taleyini müəyyən edən əsas dilemmanı ortaya qoyurdu: Qarabağ münaqişəsi müharibə yolu ilə, yoxsa danışıqlar vasitəsilə həll olunmalıdır? O, həmçinin status-kvonun uzunmüddətli perspektivdə saxlanılıb-saxlanıla bilməyəcəyini və qarşılıqlı güzəştlərdən imtina ediləcəyi təqdirdə hansı tərəfin uduzacağını sual edirdi. Ter-Petrosyan gəldiyi nəticələr birmənalı idi: müharibə istisna edilməlidir, status-kvo davamlı deyil, çünki hərbi və iqtisadi imkanlar bunu uzun müddət dəstəkləyə bilməz. O əlavə edirdi ki, mümkün olanı deyil, maksimumu əldə etməyə yönəlmiş yanaşma Qarabağın tam çökməsinə və regionda vəziyyətin daha da pisləşməsinə gətirib çıxara bilər”.
Fransız deputat qeyd edib ki, Ter-Petrosyan sıradan biri deyildi. O, müharibədə qalib gəlmiş, güc balansını və mümkün olanın sərhədlərini yaxşı bilən bir lider idi. Sonradan devrilsə də, onun proqnozları böyük ölçüdə reallığa çevrildi.
Avropa İttifaqının rolu və tənqidlərlə bağlı Tyeri Mariani bildirib: “Bu proses fonunda Avropa Parlamentinin mövqeyi tənqid olunur. Qurumun qəbul etdiyi bəzi qətnamələr tərəfli və ittihamedici xarakter daşıdığı üçün narahatlıq yaradır. Tənqidçilərə görə, bu cür yanaşmalar dialoqu gücləndirmək əvəzinə gərginliyi artırır. Azərbaycanın beynəlxalq institutlarla konstruktiv münasibətlər qurmaq istəyi fonunda bu cür siyasi bəyanatlar ölkədə mənfi reaksiya doğura bilər. Bəzi müşahidəçilər hesab edirlər ki, Avropa İttifaqı hər böyük geosiyasi böhran zamanı tərəfli mövqe sərgiləyərək prosesdən kənarda qalmaq riski ilə üz-üzədir”.
Avropa Parlamentinin deputatı bildirib ki, Qafqazda sülh xarici müdaxilələrlə deyil, region ölkələri arasında birbaşa danışıqlarla əldə edilə bilər. Beynəlxalq aktorların rolu isə bu prosesi diktə etmək deyil, onu dəstəkləmək olmalıdır. Bölgədə sabitlik yalnız dialoq, qarşılıqlı anlaşma və real siyasi kompromislərlə mümkündür.