Futbol üzrə Azərbaycan milli komandası “Avro-2016”nın seçmə mərhələsində sonuncu oyununu keçirib
Bakı, 14 oktyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan milli komandası “Avro-2016”nın seçmə mərhələsində sonuncu oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, millimiz Sofiya şəhərindəki Vasil Levski Milli Stadionunda Bolqarıstan yığması ilə qarşılaşıb.
Azərbaycan millisinin start heyətində Kamran Ağayev, Maqomed Mirzabekov, Maksim Medvedev, Ruslan Abışov, Rəşad Sadıxov, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitriy Nazarov, Ruslan Qurbanov, Əfran İsmayılov və Elnur Cəfərov yer alıblar.
Bolqarıstan yığmasının ilk on birliyində isə meydana Bojidar Mitrev, Aleksandr Aleksandrov, İvo İvanov, Yordan Minev, Mixail Aleksandrov, İvelin Popov, Qeorqi Milanov, Svetoslav Dyakov, Xristo Zlatinskiy və Dimitar Ranqelov çıxıblar.
Macarıstanlı baş hakim Tamas Boqnarın idarə etdiyi oyunun 20-ci dəqiqəsində bolqarıstanlı futbolçu Mixail Aleksandrov hesabı açıb. Matçın ilk hissəsi Bolqarıstan millisinin minimal üstünlüyü ilə yekunlaşıb - 1:0.
Görüşün 56-cı dəqiqəsində Qeorqi Milanovun qapı qarşısına ötürməsini Dimitar Ranqelov baş zərbəsi ilə qola çevirib və komandasına hesab arasındakı fərqi artırmağa imkan yaradıb. Beləliklə, görüş 2:0 hesabı ilə Bolqarıstan millisinin xeyrinə başa çatıb və hər iki komanda “Avro-2016”da iştirakını yekunlaşdırıb.
Millimizin yer aldığı “H” qrupunda keçirilən digər oyunlarda isə Xorvatiya millisi səfərdə Maltanı 1:0, İtaliya millisi isə doğma meydanda Avstriya kollektivini 2:1 hesabı ilə məğlub edib. Beləliklə, hesabında 24 xal olan İtaliya millisi və Xorvatiya yığması (20 xal) “Avro-2016”nın final mərhələsinə vəsiqəni təmin ediblər. Norveç futbolçuları isə 19 xalla pley-off mərhələsində yarışacaqlar. Azərbaycan millisi isə altı xalla qrupda 5-ci pillədə qərarlaşıb. Bolqarıstan millisi dördüncü, Malta kollektivi isə qrupda sonuncu olub.