Füzuli rayonunun 22 yaşayış məntəqəsinin işğaldan azad edilməsindən 20 il ötür
Füzuli, 7 yanvar (AZƏRTAC). 1994-cü ilin yanvarında Füzuli rayonunun 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunmuşdur. AZƏRTAC xəbər verir ki, bu münasibətlə Horadiz şəhərindəki Heydər Əliyev adına parkda rayon ictimaiyyətinin iştirakı ilə mərasim keçirilmişdir.
Mərasimdə çıxış edənlər müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizin üzləşdiyi problemlərdən, Ermənistanın apardığı qəsbkarlıq müharibəsindən danışmışlar. Bildirilmişdir ki, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun düşməndən azad edilməsi uğrunda aparılan qanlı döyüşlər nəticəsində rayonun 1382 kvadratkilometr ərazisinin 600 kvadratkilometri, yəni 21 kənd və Horadiz qəsəbəsi işğaldan azad edilmişdir. 1996-cı ildən etibarən həmin ərazilərində infrastrukturun bərpasına başlanılmışdır. Bu dövrdə məcburi köçkünlər üçün 16 qəsəbə salınmış, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri tikilmiş və bərpa olunmuşdur. Horadiz qəsəbəsinə şəhər statusu verilmiş, işğal nəticəsində dağıdılmış 4 mindən artıq ev bərpa edilmişdir.
Qeyd olunmuşdur ki, təkcə son 10 ildə Prezident İlham Əliyev Füzuli rayonuna 4 dəfə səfər etmiş, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncamlar imzalamışdır. Bu dövrdə aparılan geniş tikinti-quruculuq və bərpa işləri nəticəsində Horadiz ölkənin ən gözəl, abad və müasir şəhərlərindən birinə çevrilmişdir. Şəhərdə Ulu Öndərin adını daşıyan park salınmış, parkın ərazisində Heydər Əliyev mərkəzi tikilmişdir. Mədəniyyət sarayı, Gənclər Mərkəzi, Muğam Mərkəzi, Şahmat Məktəbi, Yeni Azərbaycan Partiyası Füzuli rayon təşkilatının inzibati binası, dəmir yolunun Horadiz stansiyasında sərnişin vağzalı istifadəyə verilmiş, istirahət guşələri yaradılmışdır. Prezident İlham Əliyevin Sərəncamına əsasən rayonun 8 yaşayış məntəqəsini birləşdirən Əhmədbəyli-Alxanlı-Zobucuq avtomobil yolu, həmçinin Bala Bəhmənli-Araz Dilağarda-Araz Zərgər yolu yenidən qurulmuşdur.
Mərasimdə çıxış edənlər məmnunluq hissi ilə vurğulamışlar ki, hazırda ölkə başçısının Sərəncamına uyğun olaraq Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun yenidən qurulması, Horadiz şəhərində erməni işğalı zamanı dağıdılmış evlərin bərpası, Bayraq meydanının, respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə “Qəhrəmanlar” parkının, 31 mart soyqırımı qurbanlarının abidə kompleksinin, tarix-diyarşünaslıq muzeyinin, uşaq bağçasının, veteranlar evinin, tikiş fabrikinin, boulinq idman zalının, rayon icra hakimiyyətinin inzibati binasının tikintisi davam etdirilir.
Diqqətə çatdırılmışdır ki, Horadiz şəhəri ilə yanaşı, rayonun kəndlərində də abadlıq və tikinti işləri aparılmış, soyuducu anbar kompleksi, quş əti istehsalı müəssisəsi, Su Elektrik Stansiyası istifadəyə verilmiş, 24 yaşayış məntəqəsi təbii qazla təmin olunmuşdur. Hazırda Qazaxlar kəndində 180 şagird yerlik orta məktəb binası, Əhmədbəyli kəndində gimnaziya üçün bina, Qarabağ kəndində heyvandarlıq kompleksi, Üçüncü Zobucuq qəsəbəsində çörək zavodu tikilir.
Füzuli rayonuna göstərilən dövlət qayğısının, aparılan uğurlu sosial və iqtisadi siyasətin nəticəsidir ki, vaxtı ilə bu yerləri tərk etmiş 116 min nəfər əhalinin 70 minə yaxını geri qayıtmışdır.
Çıxışlarda Prezident İlham Əliyevin qətiyyəti sayəsində işğal altındakı torpaqlarımızın, o cümlədən Füzuli rayonunun digər ərazilərinin də azad olacağına əminlik ifadə edilmişdir.