GDU-da tələbələrin innovativ mövzularda elmi təqdimatları dinlənilib
Gəncə, 14 may, AZƏRTAC
Gəncə Dövlət Universitetinin (GDU) Kimya və biologiya fakültəsində Kimya kafedrasının və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə “Sərhədsiz kimya” adlı tələbə elmi seminarı keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan seminarda Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Universitetin rektoru Yusif Yusibov çıxış edərək, bu cür elmi seminarların tələbələrin bilik və dünyagörüşünün artırılmasında mühüm rol oynadığını vurğulayıb. O, universitetdə gənc alimlərin yetişməsi üçün həyata keçirilən işləri yüksək qiymətləndirərək, elmi platformaların tələbələrin gələcək karyerasında mühüm rol oynayacağını bildirib, elmi seminarın işinə uğurlar arzulayıb.
Sonra Kimya və biologiya fakültəsinin 17 tələbəsinin ingilis dilində “Radioaktivlik və nüvə enerjisi”, “Genetik texnologiyalar”, “CRISPR-Cas9” texnologiyası və gələcəyin kimyası”, “Yaşıl kimya və ekologiya”, “Kosmetika sənayesində yaşıl kimyanın tətbiqi”, “Mikroplastiklərin təsiri”, “Tibbi Kimya”, “Tibdə nanotexnologiyalar”, Müasir təbabətdə dərmanların rolu”, “Süni intellekt”, “Ağıllı elm inqilabı” mövzusunda geniş məruzələri dinlənilib.
Tələbələrin elmi mövzuları xarici dildə sərbəst şəkildə məruzə etməsi professor-müəllim heyəti tərəfindən yüksək qiymətləndirilib.
Müxbir - Elcan Məmmədov