Gələn il avstriyalı iş adamları Qarabağa səfər edəcək
Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 24-də Avstriya İqtisadiyyat Palatası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı, Azərbaycan və Avstriya şirkətlərinin nümayəndələrinin iştirakı ilə dəyirmi masa və B2B görüşlər keçirilib.
ASK-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dəyirmi masanı Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov və Avstriya İqtisadiyyat Palatasının Azərbaycan-Türkiyə-Gürcüstan üzrə bürosunun rəhbəri Georq Karabazçek açıblar. Konfederasiyanın baş katib müavini Fuad Hümbətov iştirakçılara Azərbaycanın iqtisadi imkanları, investisiya mühiti barədə təqdimat edib. Sonra ASK-ın dövlət-özəl dialoqundakı rolu və həyata keçirdiyi tədbirlər haqqında təqdimat keçirilib. Avstriya İqtisadiyyat Palatası adından xanım Eva Vaythaler öz ölkəsinin iqtisadiyyatı haqqında azərbaycanlı sahibkarlara geniş məlumat verib.
Avstriyanın İqtisadiyyat Palatasının Azərbaycan, Gürcüstan və Türkiyə üzrə bürosunun rəhbəri Georq Karabazçek bildirib ki, nümayəndə heyətinin əsas görüşləri Bakıda olacaq. Gələn ilin aprel-may aylarında isə avstriyalı iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edəcək və oradakı investisiya imkanlarını araşdıracaq.
Tədbirdə, Avstriyanın turizm sənayesi, laboratoriya təchizatı, nəşriyyat, nəqliyyat informasiya sistemləri, informasiya və kommunikasiya texnologiyaları, proqram təminatı, su elektrik stansiyalarının tikintisi üzrə ixtisaslaşmış şirkətlərin iştirakı ilə B2B görüşlər keçirilib.