Gənc azərbaycanlı pianoçu Vyanada konsert proqramı ilə çıxış edib
Vyana, 25 yanvar, AZƏRTAC
Vyana şəhərindəki “Altes Rathaus” mədəniyyət mərkəzində gənc azərbaycanlı pianoçu, bəstəkar və dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Avstriyada fəaliyyət göstərən “Culture Meeting Point” mədəniyyət təşkilatının dəstəyi ilə baş tutan konsertdə gənc pianoçu bəstəkarlar Ludviq van Bethovenin “Appassionata“ sonatasını və Modest Musorqskinin “Bir sərginin rəsmləri“ əsərini ifa edib. A.Manafzadə konsertdə, həmçinin özünün bəstələdiyi “Xocalıya” kompozisiyasını da səsləndirib və bu ifa tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, “Culture Meeting Point” təşkilatının təşkil etdiyi “Xalis klassika“ silsiləsindən olan konsertlərdə gənc və istedadlı musiqiçilərin ifasında klassik əsərlər yüksək peşəkarlıqla təqdim olunur.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana