“Gənc istedadlar” liseyi yüksək nailiyyətlər qazanır
Bakı, 19 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən Bakı Dövlət Universiteti nəzdində “Gənc istedadlar” liseyi 2012-2013-cü tədris ilində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərindən biri olmuşdur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə noyabrın 19-da Bakı Dövlət Universitetində (BDU) tədbir keçirilmişdir.
Müvafiq qurumların nümayəndələrinin, tanınmış alimlərin, müəllim və şagirdlərin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirmişdir.
Müasir dünyada elmin, təhsilin xüsusi rolunu vurğulayan rektor dövlətimizin başçısı İlham Əliyevin bu sahə ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışmışdır.
Akademik A.Məhərrəmov 2007-ci ildən BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin fəaliyyət göstərdiyini qeyd edərək, təhsil müəssisəsində qazanılan nailiyyətlərdən bəhs etmiş, şagirdlərin respublika və beynəlxalq olimpiadalarda, müsabiqələrdə əldə etdikləri uğurları diqqətə çatdırmışdır.
“Gənc istedadlar” liseyinin direktoru, professor Qasım Hüseynov “Lisey inkişaf və yüksəliş yollarında” mövzusunda məruzə etmişdir. liseydə 518 şagirdin təhsil aldığını qeyd edən məruzəçi, eyni zamanda bildirmişdir ki, təhsil müəssisəsinin 5 buraxılışı olmuşdur. Məzunlar Azərbaycanın və ayrı-ayrı xarici ölkələrin nüfuzlu ali məktəblərinə qəbul edilmişlər.
liseyi bitirən 142 məzundan 76 nəfəri qəbul imtahanlarında 500-dən, о cümlədən 33 nəfər 600-dən çох bal toplamışdır.
Professor Q.Hüseynov məzunların arasında qızıl medala və Prezident təqaüdünə layiq görülənlərin olduğunu da diqqətə çatdırmışdır.
Digər çıxış edənlər də qazanılan uğurlara görə liseyin müəllim və şagirdlərini təbrik etmiş, onlara təhsildə yeni nailiyyətlər arzulamışlar.
Sonra şagirdlər və incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmişlər.