GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI “UŞAQLAR BİZİM GƏLƏCƏYİMİZDİR” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanda Atatürk Mərkəzində Gənc Liderlər Uşaq Təşkilatı ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda dəyirmi masa keçirmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli ulu öndər Heydər Əliyevin gənclərə, uşaqlara qayğısından, onun uzaqgörən siyasi fəaliyyətindən danışmışdır. Natiq qeyd etmişdir ki, Heydər Əliyev müasir və müstəqil Azərbaycanı yaratmış, dünyəvi dövlətə çevirmişdir. A.Əli gənclərə Azərbaycan xalqının yetirdiyi ən qüdrətli şəxsiyyət olan Heydər Əliyev irsini öyrənməyi tövsiyə etmişdir.
Təşkilatın rəhbəri Fərid Şahbazlı və başqaları ulu öndər Heydər Əliyevin təhsilə, uşaqlara, gənc nəslə verdiyi töhfələrdən danışmışlar. Liderçilər ulu öndərin fəaliyyətinin müxtəlif sahələrindən, gələcəyimiz olan uşaqlara sevgisindən söhbət açmışlar.
Sonda tədbir iştirakçıları A.Əlinin ulu öndər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün şərəfli ömür yollarından bəhs edən “Böyük ömrün anları” fəlsəfi-publisistik foto-illüstrativ kitabı ilə tanış olmuşlar. Liderçilər kitabdakı müxtəlif zamanlarda çəkilmiş rəngli təsvirlər vasitəsilə türk dünyasının hər iki liderinin həyata, insanlara, tarixə, mədəniyyətə və uşaqlara münasibətlərindəki oxşarlıqlar barədə fikir mübadiləsi aparmışlar.