Gənc sahibkarlara dəstək layihəsinin birinci mərhələsinə yekun vurulub
Bakı, 4 may, AZƏRTAC
“Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı ilə keçirilən “Yeni Nəsil 2.0” gənc sahibkarlara dəstək layihəsinin birinci - “Başla” mərhələsi yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi Azərbaycanda gənclərin sahibkarlıq fəaliyyətində iştirakına imkan yaratmaq və biznesə dəstək verməkdir.
Layihə “Başla”, “Komandanı yarat”, “Sürət”, “Yüksəliş”, “Hədəfə çat” mərhələlərindən ibarətdir. Artıq ilkin mərhələdə layihəyə 3600-dən artıq gənc müraciət edib. Müraciətlərin 52,3 faizi qadınlar tərəfindən edilib.
Açılış mərasiminin yanvarın 28-də keçirildiyi layihənin Bakıda, Gəncədə, eləcə də Abşeron, Qobustan, Şəki, Lənkəran və Sabirabad rayonlarında canlı və onlayn təqdimatları keçirilib.
Bu görüşlərin məqsədi layihə haqqında məlumatlılığın artırılması və layihə çərçivəsində sıx əməkdaşlığın yaradılması ilə yanaşı, gənclərin görülən işlərə yaxından cəlb edilməsi olub.
Bu müddət ərzində səkkiz müxtəlif mövzuda səkkiz ekspertin çıxışı ilə onlayn vebinarlar keçirilib. Vebinarlar “HoReCa” (Otel, restoran, kafe), “Sahibkar düşüncə tərzi”, “Biznesimə necə başlayım?”, “Qadın sahibkarlığı”, “İnnovasiya”, “Kənd təsərrüfatı”, “Sosial sahibkarlıq, “İdeyamı necə tapım?” mövzularını əhatə edib. İnteraktiv formada keçən vebinarlar zamanı ekspertlər bilik və təcrübələrini iştirakçılarla bölüşüblər.
Layihənin ikinci mərhələsi olan “Komandanı yarat” mərhələsi start götürüb. Burada iştirakçılar üçün biznes ideyaları və komandaları formalaşdırmaq məqsədilə müxtəlif vebinarlar, onlayn sessiyalar və netvörkinq məqsədilə görüşlər keçiriləcək. Həmçinin biznes ideyası olan komandalar da bu mərhələdən layihəyə qoşula biləcəklər.
“Komandanı yarat” mərhələsinə qoşulmaq və investisiya əldə edə bilmək üçün https://cutt.ly/QvRvQUG linkinə daxil olmaq lazımdır.
Layihə Gənclər və İdman Nazirliyi, “Coca-Cola” Fondu və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi, “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı ilə həyata keçirilir.