“Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika yarışlarının zona birinciliyini keçirib
Bakı, 25 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” X Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.
FHN-in təşkilatçılığı, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə, tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra çıxış edən FHN-in Muğan Regional Mərkəzinin rəisi polkovnik Vüqar Ağayev yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb. Çıxışında Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter almasında Ulu Öndərin müstəsna xidmətlərindən danışan V.Ağayev bildirib ki, bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə dünyanın ən dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib.
Sonra yarışa start verilib. Yarışda Muğan Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər.
Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı” və “Gənc ekspertlər” adlı üç mərhələdən ibarət olub.
Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Salyan rayonunun Aşağı Noxudlu kənd tam orta məktəbinin komandası birinci yerə, Şirvan şəhər 4 nömrəli tam orta məktəbinin komandası ikinci yerə, Neftçala şəhər 3 nömrəli tam orta məktəbinin komandası isə üçüncü yerə layiq görülüb.
Qeyd edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.