Gəncə Dövlət Milli Dram Teatrı yeni mövsümə yeni tamaşalarla gəlir
Gəncə, 2 sentyabr, AZƏRTAC
Gəncə Dövlət Milli Dram Teatrının yaradıcı kollektivi ənənəvi məzuniyyət müddətini başa vuraraq 131-ci teatr mövsümünün ilk iş gününə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 131-ci teatr mövsümündə yeni səhnə əsərlərinin hazırlanması ilə yanaşı, repertuarda olan tamaşaların nümayişi, gənc aktyorların yaradıcılıq imkanlarının genişləndirilməsi və teatrın tamaşaçı auditoriyasının daha da böyüdülməsi də diqqət mərkəzində olacaq. Belə ki, yeni mövsümdə Elşad Əhmədovun quruluşunda Toyğun Orbayın “İnsanlıq şərəfinə” pyesi, eləcə də Telman Hacıyev və Bəşir Səfəroğlunun “Bizə bir xal lazımdır” musiqili librettosu, həmçinin Aleksey Tolstoyun “Buratino” uşaq nağıl tamaşalarının hazırlanması nəzərdə tutulub. Artıq yaradıcı kollektiv növbədənkənar olaraq Qurban Səidin “Əli və Nino” romanı əsasında V.Reznikovanın eyniadlı pyesinin motivlərində Abdulla İsmayılovun (Elşadlı) tərcüməsi olan “Əli və Nino” adlı pyesin üzərində yaradıcılıq işinə başlayıb. Pyesin quruluşçu rejissoru Abdulla Elşadlıdır. Yeni səhnə əsəri oktyabr ayının ikinci ongünlüyündə teatrsevərlərə təqdim ediləcək.
Gəncə Dövlət Milli Dram Teatrı 131-ci teatr mövsümünə sentyabr ayının 18-də M.F.Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” komediyası ilə start verəcək.
Müxbir - Elcan Məmmədov