REGİONLAR
Gəncədə Azərbaycan Gəncləri Günü qeyd olunub
Gəncə, 2 fevral, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə Gəncədə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə ümumşəhər tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, deputatlar Musa Quliyev və Naqif Həmzəyev, idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin fəal gənclər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhərin Baş meydanında ucalan abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
Daha sonra F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Urban mərkəzi”ndə “Qalib xalqın qalib gəncləri” mövzusunda sərgiyə baxış keçirilib. Sərgidə Gəncə şəhəri və ətraf rayonlarda yaşayan, istedadlı gənclərin əl işləri, rəsm əsərləri və fotoşəkillər nümayiş olunub.
Sərgidən sonra Azərbaycan Gəncləri Gününə həsr olunmuş ümumşəhər tədbirinin rəsmi hissəsi başlayıb. Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunan tədbirdə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd olunub ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün uğurla davam etdirilir. Gənclərimiz həyatımızın bütün sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi gücünün, hərbi qüdrətinin artması və siyasi nüfuzunun yüksəlməsi, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara əsaslanan vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi işində qüvvə və bacarığını əsirgəmir, zəngin mədəni irsimizin qorunub saxlanması və təbliği yolunda mühüm addımlar atırlar. Azərbaycan gənci məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək, xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirmiş və 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazmışdır.
Rəsmi hissədən sonra istedadlı gənclərin təqdimatında konsert proqramı nümayiş olunub.
Sonda ötən il ərzində Gəncə şəhərinin və ətraf rayonların ictimai-siyasi həyatında fərqlənən gənclər fəxri fərman, diplom və təşəkkürnamələrlə təltif ediliblər.