Gəncədə marketdə saxta alkoqollu içkilərin satışının qarşısı alınıb
Bakı, 7 noyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda fəaliyyət göstərən, fiziki şəxs Elvin Vahid oğlu Hüseynova məxsus marketdə aparılan yoxlama zamanı kustar üsulla hazırlanmış, etiketində yanlış məlumatlar qeyd edilən saxta alkoqollu içkilər aşkarlanıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 27 ədəd “Organic Premium”, 79 ədəd “Axcy”, 31 ədəd “N1 Organic” əmtəə nişanlı saxtalaşdırılmış alkoqollu içkinin satışının qarşısı alınaraq saxlanca verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Araşdırmalar davam etdirilir.